Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Boks Mərkəzində təşkil edilən yarışın üçüncü günündə dörddəbir final mərhələsinin görüşləri başa çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, 52, 54, 57 və 60 kiloqram çəki dərəcəsində yarımfinala yüksələn boksçular müəyyənləşib.
Azərbaycan millisinin 6 idmançısı da dörddəbir final döyüşünü qələbə ilə bitirib və mərhələ adlamaqla özü üçün ən azı bürünc medalı təmin edib.
46 və 50 kiloqram çəkidə isə finalçılar müəyyənləşib. Döyüşlərin nəticəsinə əsasən yığmamızın daha 2 boksçusu həlledici görüşə vəsiqə əldə edib.
Turnirin dördüncü günündə yarımfinal mərhələsinin qarşılaşmaları olacaq.
Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri bu gün keçiriləcək.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”