Baharın bəzəyi futboldur

post-img

Əgər dünya futbolunu, yəni 200-dən çox milli assosiasiyanı öz bayrağı altında birləşdirən Beynəlxalq Futbol Federasiyası (FİFA) tərkibinin mötəbərliyinə görə planetin ən ali beynəlxalq qurumu Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə yanaşı addımlayırsa, deməli, futbolun dünyanın hər yerində böyük hörmət, nüfuz sahibi olması barədə çoxdan yaranmış və təkzibolunmaz fikrin tam doğruluğuna heç bir şəkk-şübhə yeri qalmır. Həqiqətən, futbol bütün gözəlliyi və gözlənilməz nəticələri ilə 1 nömrəli idmandır. Həm də xüsusi qeyd edək ki, baharın bəzəyidir. Futbolsuz bahar tamaşaçısız teatr kimidir, bəzəksiz görünür. Futbolçular yaşıl meydanda, aktyorlar səhnədə öz rollarını alqışlar altında oynamaqdan zövq alırlar.

Millimiz Avstriya–İsveç yolunda

İndiki bahar bizim üçün xüsusi ba­hardır. Xalqımızın öz milli bayramını qeyd etdiyi günlərdə milli komandamız tarixdə 17-ci dəfə təşkil olunan və final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatının seçmə yarışlarına hazırlaşır. Tezliklə, martın 24-də Azərbaycan futbolçuları bu il ilk rəsmi oyunlarına çıxacaqlar. On minlər­lə idman pərəstişkarımız da yatmayıb, martın 25-nə keçən gecə rəqib meyda­nında baş tutacaq Avstriya–Azərbaycan görüşünü izləyəcək. Lints şəhərində ke­çiriləcək bu oyuna böyük maraq olduğu və bütün biletlərin artıq satıldığı da mə­lumdur.

Püşkün hökmü ilə "F" qrupunda yer almış bu iki komandanın rəqibləri isə, bildiyiniz kimi, Belçika, İsveç və Esto­niyadır. Əksər mütəxəssislər, icmalçılar və azarkeşlər qrupda ilk iki yer uğrunda mübarizənin Belçika, İsveç və Avstriya arasında gedəcəyini söyləyirlər. Bəlkə də, onlar haqlıdırlar. Amma hadisələri qabaqlamağa da tələsməyək. Azərbay­can və Estoniya komandaları, şübhəsiz, mülahizələri alt-üst etməyə, nəhayət, on­ların da qüvvə və imkanlarına inanmaq vaxtının çatdığını sübuta yetirməyə ça­lışacaqlar. Bir də ki, ötən payızda Qətər mundialında qeydə alınmış sürpriz nəti­cələr xatirələrdə hələ təzədir. "Futbolda hər şey olur" deyimi köhnəlməyib, hə­mişə aktualdır. Odur ki, start görüşləri­ni ümidlə gözləyək. Kim bilir, bəlkə də, millimizin Avropa çempionatının seçmə yarışlarında ən uğurlu nəticəsinə məhz bu il sevinəcəyik.

Söz yox, seçmə mərhələsinin ilk görüşləri komandamız üçün ikiqat çətin olacaq. Avstriya ilə oyundan üç gün son­ra onu İsveç matçı gözləyir. Bu iki səfər oyununda qeydə alınacaq nəticələrdən çox şey asılı olacaq.

Səhifələrində idmana geniş yer ayıran "Xalq qəzeti"nin əməkdaşları kimi, onun oxucuları arasında da futbol həvəskarlarının çox olduğunu nəzərə alaraq, Azərbaycan komandasının qar­şıdakı turnirdə qalan oyunlarının da təqvimini xatırladaq. Avstriya və İsveçə səfərdən sonra millimiz növbəti iki oyunu Bakıda keçirəcək– iyunun 17-də Estoni­ya, sentyabrın 9-da Belçika futbolçuları paytaxtımızın qonağı olacaqlar.

Son dörd görüşün isə təqvimi belə­dir: 13 oktyabr. Estoniya–Azərbaycan, 16 oktyabr. Azərbaycan–Avstriya, 16 no­yabr. Azərbaycan–İsveç və 19 noyabr. Belçika–Azərbaycan.

Burada Avropa çempionatının seç­mə sınaqları haqqında qeydlərimizdən Azərbaycan çempionatına keçid alaq.

Liderə çatmaq çətin olacaq

Azərbaycan Premyer Liqasında üçüncü dövrə başa çatıb. Təqvimdə martın 15–17-nə təyin edilmiş 27-ci tur görüşlərindən sonra fasilə nəzərdə tutu­lub. İndi rəqibləri finişdən cəmi doqquz tur ayırır. Əgər qızıl medallara lider "Qa­rabağ"ın sevinəcəyi elə bir şübhə do­ğurmursa, finişdə ikinci–üçüncü yerləri "Sabah" ilə "Neftçi"nin bölüşdürəcəkləri gözlənilirsə, yekun cədvəlində kimin axırıncı pillədə qalıb çempionatı tərk edəcəyi məsələsi, görünür, son turadək öz həllini gözləyəcək. Dörd komanda– "Sumqayıt", "Kəpəz", "Şamaxı" və "Sə­bail" çətin durumdadırlar. Lakin heç biri­nin vəziyyəti ümidsiz deyil...

Nə xoş təşəbbüs: "Qarabağ"– "Qalatasaray!" 

Bu arada Türkiyənin ölkəmizdə də minlərlə pərəstişkarı olan "Qalatasaray" klubunun tezliklə Bakının qonağı ola­cağı barədə xəbər hamının ürəyindən oldu. Qardaş ölkənin zəngin tarixə və ənənələrə malik komandası Azərbay­can klub futbolunun şəriksiz lideri "Qa­rabağ"la görüşə gəlir. Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək bu dostluq görüşü bahar günlərinə xüsusi rövnəq verəcək. Oyundan əldə oluna­caq bütün vəsait Türkiyədə zəlzələdən zərər çəkənlərin ehtiyaclarına yönəldilə­cək. Azərbaycanın futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi görüşün təşəbbüs­çülərinə də, iştirakçılarına da təşəkkür­lər. Bu oyunda uduzan olmayacaq, ək­sinə, qardaşlıq, birlik və xeyirxahlıq qalib gələcək.

 

Oqtay BAYRAMOV,

Əməkdar jurnalist

İdman