Cüdoçularımız Zaqrebdə birinci olublar

post-img

Azərbaycan Cüdo Federasiyaının mət­buat xidmətindən aldığımız məlumata görə, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçi­rilən yeniyetmələr arasında Avropa Kuboku turnirində cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. 

Qeyd olunur ki, Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub. Turnirin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. İkinci gündə isə oğ­lanların yarışında -73 kiloqram çəki dərəcəsin­də Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. -81 kiloqram çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsil­çisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 ki­loqramda Ramazan Əhmədov turnirin gümüş medalçısı olub. -81 kiloqram çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yer­də tamamlayıb. 

Azərbaycan yığması yarışda medal əyarı­na görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub. 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman