Həftə sonu Misli Premyer Liqasında XXVI tura yekun vurulub. Ötən turlarda olduğu kimi, bu tur da gərgin mübarizə şəraitində keçib.
Turun ilk qarşılaşması Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Zirəni” qəbul edib. Qarşlıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşdən sonra 37 xal toplayan “Zirə” komandası turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 21 xala malik “Kəpəz” isə səkkizinci yerdədi. Turun ikinci qarşılaşmasında “Bank Respublika Arenada” “Sabah” və “Sumqayıt” klubları qarşılaşıblar. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra çempionluğa iddialı “Sabah” klubu xallarının sayını 59-a çatdıraraq ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. “Sumqayıt” klubu isə 21 xalla yeddinci sıradadır.
Ölkə çempionatının digər bir qarşılaşması “Turan Tovuz” və “Qəbələ” komandaları arasında baş tutub. Tovuz şəhər stadionunda keçirilən oyun sülhlə başa çatıb–1:1. Bu heç-heçədən sonra 33 xalı olan “Qəbələ” ilk beşlikdə qərarlaşıb. “Turan Tovuz” komandası isə 27 xalla altıncı yerdədir.
Turun digər qarşılaşması lider “Qarabağ”la “Səbail” klubu arasında olub. “Azersun Arena”da keçirilən həmin görüşdə Ağdam təmsilçi 3:0 hesablı qələbə qazanıb. Üç xalı hesabına üç cavabsız qolla yazdıran “Qarabağ” klubu 68 xal toplayıb. 17 xalı olan “Səbail” isə autsayder.
Qeyd edək ki, tura “Şamaxı”-“Neftçi” görüşü ilə yekun vurulub. Şamaxı şəhər stadionunda keçirilən matç qonaqların minimal hesablı (0:1) qələbəsi ilə başa çatıb. Hazırda “Neftçi” 55 xalla üçüncü pillədədir. 20 xalı olan “Şamaxı” isə doqquzuncu yerdədir.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”