“Zirə” “Şamaxı”nı sınağa çəkəcək

post-img

Bu gün Misli Premyer Liqasında XXV tur start götürəcək. Turun ilk qar­şılaşması “Zirə” komandası ilə bölgə təmsilçisi “Şamaxı” klubu arasında olacaq. Onu da deyək ki, azarkeşlər bu görüşü səbirsizliklə gözləyirlər. Belə ki, ötən turda çempionluğa iddialı “Sabah” klubunu 2:1 hesabı ilə məğlub etməyi bacaran “Şamaxı”nın səfərdə oynamasına baxmayaraq “Zirə”yə də çətinliklər yaşadacağı barədə fikirlər səsləndirilir. Yeri gəlmişkən, matç saat 17:00-da Zirə İdman Kompleksinin sta­dionunda keçiriləcək.

Turun digər iki qarşılaşması isə sabah “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” komandaları arasında baş tutacaq. “Səbail” – “Sumqayıt” görüşü saat 16:00-da ASCO Arenada, “Sabah” – “Kəpəz” matçı isə saat 18:30-da Bank Respublika Arenada baş tutacaq. 

XXV turun son qarşılaşmaları isə martın beşində “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” komandaları ara­sında baş tutacaq “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da Qəbələ şəhər stadio­nunda, “Neftçi” – “Turan Tovuz” oyunu isə saat 19:30-da “Bakcell Arena”da keçirilə­cək.

 

Güləşçilərimiz ənənəvi turnirdə 

 

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petro­vun xatirə turnirinə start verilib. Azər­baycan Güləş Federasiyasının mətbu­at xidmətinin məlumatına görə, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 güləşçi təmsil edir. 

Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəh­bərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər iki­si 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizəyə qoşulublar. 

Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudovun rəhbər­liyi ilə 3 xanım idmançımız ölkəmizin adını ləyaqətlə təmsil edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) Bolqarıstanda uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

 

“NTD BK”-dan kritik qələbə 

 

Azərbaycan Basketbol Liqasında XX tur start götürüb. “Sərhədçi” İd­man Mərkəzində keçirilən açılış mat­çında “NTD BK” və “Gəncə” koman­daları qarşılaşıblar. 

Azərbaycan Basketbol Federasiya­sından aldığımız məlumatda qeyd edilir ki, gərgin keçən oyunun sonunda 91-85 hesablı qələbə qazanan “NTD BK” bas­ketbolçuları yenidən çempionatın vahid liderinə çevriliblər. Matçda ən məhsuldar basketbolçular: “NTD BK”-dən Ceremi Heys (28 xal, 11 ribaund ), “Gəncə BK”-dən isə Kollin Törner (23 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, 20-ci turun digər oyun­ları (“AAAF Xırdalan BK” – “Olimpik Şəki BK”, “Sabah BK” – “Sərhədçi PİK”, “Zirvə Astara BK” – “Neftçi İK”) 4 və 5 mart ta­rixlərində keçiriləcək.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”



İdman