Bu gün iyirminci əsrdə Azərbaycan idmanının yetirdiyi ən sevimli, ən görkəmli şəxsiyyətlərdən biri, dünya futbolunda adı sayılıb-seçilən ustalar arasında çəkilən Anatoli Banişevskinin doğum günüdür. Yetmiş yeddi il əvvəl, 1946-cı il fevralın 23-də anadan olub, 1997-ci il dekabrın 10-da həyatla vidalaşmış Azərbaycan futbolunun əfsanəsi artıq 26-cı ildir sıralarımızda yoxdur. Amma bu bakılı balası yaşadığı cəmi əlli bir il ərzində onu dünyada məşhurlaşdıran və xatirələrdə adını əbədiləşdirən uğurlarla zəngin bir yol keçərək, təkrarolunmaz ustalıq zirvəsinə yüksəlmişdi.
"Neftçi"nin, bütün futbolumuzun pərəstişkarlarına çoxlu gözəl günlər, SSRİ çempionatlarında və ölkə kuboku yarışlarında 100-dən çox qol sevinci yaşatmış A.Banişevski futbolumuza, komandasına, doğma Bakıya, bütün Azərbaycana əsl sədaqət nümunəsi idi.
Onun Vətənimizi şöhrətləndirən parlaq istedadı 1996-cı il fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin A.Banişevskinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında fərman imzalamasında və bu münasibətlə elə həmin gün yubilyara ünvanladığı təbrik məktubunda öz əksini tam tapmışdır:
"Hörmətli Anatoli Andreyeviç!
Sizi – Azərbaycanın görkəmli idman xadimini, dünya şöhrətli futbolçusunu anadan olmağınızın 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dünya və Avropa çempionatlarında nümayiş etdirdiyiniz yüksək peşəkarlıq və böyük məharət Azərbaycanın idman şərəfini ucaltmışdır. İngiltərə, Braziliya, Almaniya və başqa ölkələrin meydanlarında yüz minlərlə azarkeş sizi alqışlamış, misilsiz ustalığınıza heyran olmuşdur. Siz Azərbaycan futbolunun əsl fədakarı olmuş, komandamızın ən çətin anlarında öz kömək və bacarığınızı əsirgəməmisiniz.
Azərbaycan idmanının inkişafında və gənclərin təlim-tərbiyəsi sahəsində fəaliyyətiniz də yüksək qiymətə layiqdir...".
Göründüyü kimi, ulu öndərin məktubunda Anatoli Banişevskinin Azərbaycan üçün gördüyü böyük işlərə çox yüksək dəyər verilmişdir. Bir neçə məqamı da bir daha xatırlatmaq yerinə düşər. A.Banişevski on ildən də çox müddətdə "Neftçi"nin şərəfini ləyaqətlə qorumuş, onun kapitanı və lideri olmuş, SSRİ çempionatının güclülər dəstəsində və ölkə kuboku yarışlarında rəqib komandaların qapıçılarını dəfələrlə topu tordan çıxarmağa məcbur etmişdir.
Unudulmaz mərkəz hücumçumuz 99-cu və 100-cü qollarına 1978-ci il oktyabrın 15-də sevinmişdir. Həmin günün axşamı "Neftçi"nin Bakıda 4:1 hesabı ilə qalib gəldiyi Dnepropetrovskın "Dnepr" komandasının qapısına vurulan dörd qoldan sonuncu ikisi Banişevskinin adına yazılmışdır.
Ulduz futbolçu SSRİ yığma komandasında da nəyə qadir olduğunu bacarıqla göstərmişdir. O, İngiltərədə keçirilmiş dünya çempionatı – 66-dan Azərbaycana bürünc medalla qayıtmışdır (həmin çempionatda dördüncü yeri tutan komanda da üçüncü pillənin sahibi kimi "bürünc"lə mükafatlandırılmışdır).
A.Banişevski dünya çempionatından qayıtdıqdan sonra isə "Neftçi" ilə birlikdə ölkə çempionatının bürünc mükafatçısı olmuşdur. Bir ildə dünya, sonra da SSRİ çempionatının iki bürünc medalı!
Nəzərə alsaq ki, 66-cı ilin bürünc medalları "Neftçi"nin də, sovet yığmasının da tarixində ölkə və dünya çempionatlarında ilk və yeganə mükafatlardır, onda hücumçumuzun medallarının dəyəri ikiqat artar. Həmin 1966-cı ildə isə Anatolinin cəmi 20 yaşı var idi.
Həqiqətən, bir çox illər ərzində "Neftçi"nin kapitanı, ölkə və dünya çempionatlarının bürünc, Avropa çempionatı–72-nin gümüş mükafatçısı, Əməkdar idman ustası, dünyanın ən böyük stadionu "Marakana"da (Rio-de-Janeyro) əfsanəvi Pelenin də oynadığı və 2:2 hesabı ilə heç-heçə başa çatmış Braziliya– SSRİ yoldaşlıq görüşündə yeganə beşqat dünya çempionunun da qapısına top vurmuş "Şöhrət" ordenli Banişevski fəxr ediləsi böyük şəxsiyyət idi.
... Bu gün Anatoli Andreyeviç Banişevskinin ailə üzvləri, yaxınları, pərəstişkarları, futbolçu dostları yenə Fəxri xiyabana gedib, onun xatirəsini dərin ehtiramla yad edəcək, ötən illəri xatırlayacaqlar.
Ruhu şad olsun!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist


