Xətai rayonunda nəqliyyat vasitəsi oğurlanıb

post-img

Xətai rayonunun Sarayevo küçəsindən paytaxt sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.

Qeyd edək ki, avtomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
 

Hadisə