Xilasediciləri köməksiz vəziyyətdə qalmış 22 nəfəri təxliyə ediblər

post-img

Fövqəladə Hallar Nazirliyi Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi barədə məlumat yayıb.

Nazirlikdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sərnişinlərin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.

Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla, 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.









Hadisə