Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 603.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;

1.2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinin birinci, ikinci (hər iki halda) və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;

1.3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində, 3.5-ci maddəsinin birinci cümləsində, 6.1-ci maddəsində (ikinci halda), 6.2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 6.2-1-ci maddəsinin birinci cümləsində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü və 12.3-cü maddələrinin ikinci cümlələrində, 12.4-1-ci maddəsində (hər iki halda), 15.1-ci maddəsinin birinci və dördüncü cümlələrində, 15.2-1-ci maddəsinin birinci cümləsində, 17.1.4-cü (hər iki halda), 21.3-cü, 21.6-cı, 21.8-ci və 21.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 6.1-ci maddəsində, 6.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (ikinci halda) və 15.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur;

1.6. həmin Qanunun 3.5-ci maddəsinin birinci cümləsində, 6.2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (birinci halda), 15.1-ci maddəsinin dördüncü cümləsində və 17.1.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

1.7. həmin Qanunun 6.2-1-ci və 15.2-1-ci maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Qanunun 21.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;

1.9. həmin Qanunun 21.6-cı, 21.8-ci və 21.9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.2. həmin Qanunun 12.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti:

3.1. sahibi və operatoru olduğu vahid elektron informasiya sistemindən səmərəli istifadə imkanlarının artırılması məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə texniki və təkmilləşdirici tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə sahibi və operatoru olduğu vahid elektron informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 260 nömrəli Fərmanı) 2-ci hissəsinin ikinci abzasından “171-ci maddəsinin “a” bəndinin dördüncü abzasında,” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1097 (Cild I) aşağıdakı məzmunda 1.8-1-ci bənd əlavə edilsin:

“1.8-1. həmin Qanunun 15-1-ci maddəsinin birinci, ikinci (hər iki halda) və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.18-ci bəndin ikinci abzasına “çağırılan” sözündən sonra “, habelə müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçıran” sözləri əlavə edilsin;

6.2. 11.10-cu bəndə “vəsiqələri” sözündən sonra “, o cümlədən həmin şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı” sözləri əlavə edilsin.

7. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 260 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5-ci hissə üzrə:

7.1.1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, 2.0.15-ci maddələrində, 3.5-ci maddəsinin birinci cümləsində, 6.1-ci maddəsində (ikinci halda), 6.2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 6.2-1-ci maddəsinin birinci cümləsində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 8.6-cı maddəsində (birinci halda), 12.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 12.4-cü (birinci halda) və 12.4-1-ci (hər iki halda) maddələrində, 15.1-ci maddəsinin birinci və dördüncü cümlələrində, 15.2-1-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.1.4-cü (hər iki halda), 21.3-cü, 21.6-cı, 21.8-ci, 21.9-cu, 31.1-ci, 33.4-cü, 34.5-ci (ikinci halda), 35.2-ci, 40.1-ci, 45.4-cü maddələrində, 45.5-ci maddəsinin ikinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində və 45.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

7.1.2. 5.2-ci bənddən “6.2-ci maddəsində ikinci halda,” sözləri çıxarılsın;

7.1.3. 5.2-1-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “6.1-ci maddəsində, 6.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (ikinci halda), 15.1-ci maddəsinin birinci cümləsində və” sözləri əlavə edilsin;

7.1.4. 5.2-2-ci bənddə “və 7.3-cü maddələrində” sözləri “maddəsində və 7.3-cü maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

7.1.5. 5.3-cü bənddə “və 6.5-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

7.1.6. 5.4-cü bənddən “6.2-ci maddəsində birinci halda,”, “6.5-ci maddəsində birinci halda,” və “15.1-ci,” sözləri çıxarılsın;

7.1.7. 5.13-cü bənddə “8.6-cı maddəsində və 15.3-cü maddəsinin birinci cümləsində” sözləri “6.2-1-ci maddəsinin birinci cümləsində, 8.6-cı maddəsində, 15.2-1-ci və 15.3-cü maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

7.1.8. aşağıdakı məzmunda 5.13-1 – 5.13.4-cü bəndlər əlavə edilsin:

“5.13-1. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur;

5.13-2. həmin Qanunun 3.5-ci maddəsinin birinci cümləsində, 6.2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (birinci halda), 15.1-ci maddəsinin dördüncü cümləsində və 17.1.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

5.13-3. həmin Qanunun 21.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;

5.13-4. həmin Qanunun 21.6-cı, 21.8-ci və 21.9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.”;

7.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.38-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.38. vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını və uçotunu aparmaq, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və çağırışdan azad etmək, onların müraciətlərini qəbul etmək və cavablandırmaq, hərbi xidmətlə, eləcə də hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə çağırışla bağlı sənədləri (qərar, arayış və sair) elektron formada təqdim etmək, həmçinin hərbi-nəqliyyat vasitələrinin uçotunu aparmaq;”.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. adına “Əlillik” sözündən sonra “və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması” sözləri əlavə edilsin;

8.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması”.

9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.3.5-1-ci yarımbəndə “şəhadətləndirilməyə” sözündən sonra “, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə” sözləri əlavə edilsin;

9.2. aşağıdakı məzmunda 2.7-1-ci və 2.7-2-ci bəndlər əlavə edilsin:

“2.7-1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların qəbul edilməsi üçün həmin Qanunun 15.3-cü maddəsinə əsasən barələrində yekun tibbi müayinə aparılmalı olan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin nəticələrinə dair sənədlər, habelə bu Əsasnamənin 2.7-2-ci bəndi nəzərə alınmaqla həmin şəxslərin tibbi şəhadətləndirilməsinə dair yekun qərarlar üzrə məlumatları onların rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir.

2.7-2. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir.”.

10. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718 (Cild I); 2024, № 6 (I kitab), maddə 660) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 7.2.2-ci yarımbənd ləğv edilsin;

10.2. 7.2.3-cü yarımbənddə “1-ci və 2-ci” sözləri “1–4-cü” sözləri ilə əvəz edilsin;

10.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

10.3.1. aşağıdakı məzmunda 3.1.14-2-ci yarımbənd əlavə edilsin:

“3.1.14-2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması sahəsində işin optimallaşdırılması barədə Nazirliyə təkliflər vermək;”;

10.3.2. 4.4-cü bənddə “4 (dörd)“ sözləri “5 (beş)” sözləri ilə, “3 (üç)” sözləri “4 (dörd)” sözləri əvəz edilsin.

11. “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 371 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1239 (Cild I) 1-ci hissəsində “1990” rəqəmləri “1995” rəqəmləri ilə, “35-dək” sözləri “30-dək” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Fərmanlar