Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189) 321-ci maddəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.”.

Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı məzmunda 9.3.5-1-ci maddə əlavə edilsin:

“9.3.5-1. müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda – çağırış üzrə qərar qəbul edilənədək;”.

Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanunu) 603.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“603.2. Çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, ata adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə edilir.”.

Maddə 4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanunu) 19-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında, birinci və ikinci hissələrdə “hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə” sözləri “müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü” sözləri ilə əvəz edilsin;

4.2. üçüncü hissədə “Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə” sözləri “Müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü” sözləri ilə əvəz edilsin;

4.3. dördüncü hissədə “hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə” sözləri “müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü” sözləri ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755; Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 13-cü maddənin birinci hissəsinin ikinci abzasında “36,5” rəqəmləri “31,5” rəqəmləri ilə əvəz edilsin;

5.2. 170-ci maddə üzrə:

5.2.1. üçüncü hissənin ikinci cümləsində “35” rəqəmləri “30” rəqəmləri ilə və “uçotuna” sözü “hərbi qeydiyyatına” sözləri ilə əvəz edilsin;

5.2.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Bu Əsasnamənin 170-ci maddəsinin üçüncü hissəsində qeyd edilən vətəndaşların çağırışçıların hərbi qeydiyyatına qaytarılması və müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və hərbi uçotun və qeydiyyatın aparılması sahəsində digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.”;

5.3. 171-ci maddənin birinci hissəsinin “a” bəndi üzrə:

5.3.1. ikinci abzasa “Hərbi” sözündən sonra “vəzifə və hərbi” sözləri əlavə edilsin;

5.3.2. üçüncü abzasda “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

5.3.3. dördüncü abzasda “Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında” Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə, “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

Maddə 6. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I); 2024, № 5 (I kitab), maddə 503) 14-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 14. Vətəndaşların həqiqi hərbi xidmətə yararlılığını müəyyən etmək üçün psixiatriya müayinəsi

Müddətli həqiqi hərbi xidmətə çağırılanların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların, hərbi qulluqçuların və hərbi vəzifəlilərin psixi sağlamlığının vəziyyəti ilə bağlı həqiqi hərbi xidmətə yararlılığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.”.

Maddə 7. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683 (Cild I); 2024, № 2, maddə 132, № 4, maddə 365) aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:

“Maddə 15-1. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi

Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi bu Qanunun 15-ci maddəsində qeyd olunan halları təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edildikdən sonra təmin olunur. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Həmin elektron qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndərilir.”.

Maddə 8. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363; Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.0.1-ci maddəyə “hərbi xidmətə çağırışı” sözlərindən sonra “(o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi)” sözləri əlavə edilsin;

8.2. 2.0.8-ci maddədə “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

8.3. 2.0.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.13 – 2.0.15-ci maddələr əlavə olunsun:

“2.0.13. tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir;

2.0.14. elektron kabinet – vətəndaşların (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir;

2.0.15. çağırış vərəqəsi – vətəndaşların hərbi vəzifələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir.”;

8.4. aşağıdakı məzmunda 3.5-ci maddə əlavə edilsin:

“3.5. Vətəndaşların (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. Vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılır.”;

8.5. 6-cı maddə üzrə:

8.5.1. 6.1-ci maddədə “mart” sözü “may” sözü ilə əvəz edilsin və həmin maddəyə “orqanında” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada” sözləri əlavə edilsin;

8.5.2. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunurlar. Müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. Tibb müəssisələri tərəfindən aparılmış tibbi müayinələrin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.”;

8.5.3. aşağıdakı məzmunda 6.2-1-ci və 6.2-2-ci maddələr əlavə edilsin:

“6.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən edilmiş vətəndaşlar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir.

6.2-2. Tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur.”;

8.5.4. 6.3-cü maddədə “sentyabr” sözü “oktyabr” sözü ilə əvəz edilsin və həmin maddəyə “orqanına” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda isə digər vasitələrlə” sözləri əlavə edilsin;

8.5.5. 6.4-cü maddədən “fərdi” sözü çıxarılsın;

8.5.6. 6.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı, habelə ilkin hərbi qeydiyyata alınma haqqında digər məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet və ya digər vasitələrlə göndərilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçirilməsi qaydası, çağırışdan və hərbi xidmətdən yayınmağa görə məsuliyyət daşımaları izah olunur.”;

8.6. 7.3-cü maddə üzrə:

8.6.1. “Hərbi vəzifəlilər və çağırışçılar” sözləri “Çağırışçılar və hərbi vəzifəlilər” sözləri ilə əvəz edilsin və “orqanına” sözündən sonra “elektron kabinet vasitəsilə (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla), bu mümkün olmadıqda isə digər vasitələrlə” sözləri əlavə edilsin;

8.6.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.”;

8.7. 8.3 – 8.6-cı maddələrə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin;

8.8. 12-ci maddə üzrə:

8.8.1. 12.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;

8.8.2. 12.4-cü maddəyə “azad edilməyən çağırışçılar” sözlərindən sonra “çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.”;

8.8.3. aşağıdakı məzmunda 12.4-1-ci maddə əlavə edilsin:

“12.4-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün çağırışçıların təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi say bölgüsü üzrə və çağırışçıların sağlamlıq vəziyyəti, fiziki inkişafı və fərdi göstəriciləri nəzərə alınmaqla aparılır.”;

8.9. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir.”;

8.10. 15-ci maddə üzrə:

8.10.1. 15.1-ci maddədə “çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən” sözləri “çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilsin:

“Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.”;

8.10.2. 15.2-ci maddədə “Tibbi” sözü “Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi” sözləri ilə əvəz edilsin;

8.10.3. aşağıdakı məzmunda 15.2-1-ci və 15.2-2-ci maddələr əlavə edilsin:

“15.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir.

15.2-2. Tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər.”;

8.11. 17.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.1.4-cü maddə əlavə edilsin:

“17.1.4. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların qəbul edilməsi üçün çağırışçıların bu Qanunun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinəsinin aparılması məqsədilə zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemi üzərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürmək.”;

8.12. 18.2-ci maddədə “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

8.13. 19.1.1-ci, 19.1.3-cü və 19.1.5-ci maddələrdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

8.14. 19.2-ci maddənin birinci cümləsində “35” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

8.15. 20.3-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.”;

8.16. 21-ci və 23-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir:

21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;

21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək;

21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək;

21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);

21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);

21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;

21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə.

21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir.

21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır.

21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir.

21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir.

Qeyd:

1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

2. Bu Qanunun 21.1.2 – 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur.”;

“Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə

23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

23.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

23.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

23.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

23.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;

23.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.

Qeyd: Bu Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrində nəzərdə tutulan vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.”;

8.17. 39.1.1-ci maddədə “36,5” rəqəmləri “31,5” rəqəmləri ilə əvəz edilsin;

8.18. 43.1-ci maddədə “xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər” sözləri “bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər” sözləri ilə əvəz edilsin;

8.19. 53-cü maddənin mətni 53.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 53.2-ci maddə əlavə edilsin:

“53.2. Bu Qanunla nəzərdə tutulmuş hərbi vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərin tətbiqinə əsas verir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2024-cü il

Qanunlar