Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi

post-img

Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 2 avqust tarixli
Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 19.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və turizm və rekreasiya zonalarının yaradılması, idarə edilməsi, turizm mərkəzlərinin formalaşdırılması, eləcə də turizm mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. turizm və rekreasiya zonaları (bundan sonra – Zona) – xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət kəsb edən, təbiəti mühafizə, tarixi və mədəni irsi qoruma, turizmin dayanıqlı təşkili və davamlı inkişafı, investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan, habelə sahibkarlıq subyektlərinin inkişafına kömək edən, sərhədləri dəqiq müəyyən edilmiş turizm əhəmiyyətli ərazilər;

1.2.2. turizm mərkəzi – Zonanın sərhədləri daxilində yerləşən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan və kompleks turizm xidmətlərinin göstərilməsi üçün istifadə edilən turizm mərkəzinin baş inkişaf planının tətbiq olunduğu ərazi;

1.2.3. idarəedici təşkilat – Zonanın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – səlahiyyətli orqan) tabeliyində fəaliyyət göstərən hüquqi şəxs;

1.2.4. Zonanın operatoru (bundan sonra – operator) – müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanılan idarəetmə sazişinə uyğun olaraq Zonanın idarə olunmasını təmin edən hüquqi şəxs;

1.2.5. Zonanın rezidenti – turizm mərkəzində torpaq sahəsi icarəyə götürmüş, həmin torpaq sahəsində investisiya qoyuluşu layihəsini icra edən və idarəedici təşkilatla, yaxud Zonanın operatoru ilə bağlanılmış sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə əsasında sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.2.6. Zonanın qeyri-rezidenti – bu Əsasnamə ilə müəyyən edilmiş qaydada idarəedici təşkilatla və ya Zonanın operatoru ilə bağlanılmış müqavilə əsasında turizm mərkəzində səlahiyyətli orqanın müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növlərini həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.2.7. turizm mərkəzinin infrastrukturu – sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və tullantı sularının axıdılması vasitələri və qurğuları), dövlət mülkiyyətində olan avtomobil yolları və yol-nəqliyyat infrastrukturu, həmçinin turizm mərkəzinin fəaliyyət göstərməsini təmin edən digər obyektlər kompleksi;

1.2.8. turizm mərkəzinin ümumi istifadədə olan əraziləri – turizm mərkəzinin sərhədləri daxilində mərkəzin infrastrukturunun, küçələrin, meydanların, dayanacaqların və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər;

1.2.9. Zonanın inkişaf konsepsiyası – Zonanın uzunmüddətli inkişaf istiqamətlərini, ərazinin sosial, iqtisadi və ekoloji şəraitinin təhlilini, yaradılması planlaşdırılan mərkəzlər barədə ilkin məlumatları, Zonada inkişafı mümkün olan turizm növlərini özündə ehtiva edən sənəd;

1.2.10. turizm mərkəzinin baş inkişaf planı – ərazinin mövcud potensialına uyğun olaraq, turizm mərkəzinin planlı inkişafı məqsədilə tikililərin və qurğuların inşasını, yerləşdirilməsini, avtomobil və digər bərk örtüklü yolların çəkilməsini, turizm mərkəzində əsaslı dəyişikliklərə səbəb ola bilən digər mühüm işlərin görülməsini nəzərdə tutan səlahiyyətli orqan tərəfindən təsdiq olunan sənəd.

1.3. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Zona bir və ya bir neçə turizm forma və növü üzrə ixtisaslaşa bilər.

2. Zonanın yaradılmasının məqsədləri

2.1. Zonanın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. turizm ehtiyatlarının qorunub saxlanılması və onlardan səmərəli istifadənin təmin edilməsi;

2.1.2. turizmin dayanıqlı təşkili və davamlı inkişafının təmin edilməsi vasitəsilə regionlarda sosial-iqtisadi inkişafa və milli-mədəni irsin qorunub saxlanılmasına nail olunması;

2.1.3. ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanmasına şərait yaradan müxtəlif turizm forma və növlərinin yaradılması və təbliği;

2.1.4. turizm sahəsində yerli və xarici investisiyalar üçün əlverişli mühit yaradılması və sahibkarlığın dəstəklənməsi;

2.1.5. turizm infrastrukturunun inkişaf etdirilməsi və keyfiyyətli turizm xidmətləri göstərilməsinin təmin edilməsi;

2.1.6. əməkqabiliyyətli əhalinin turizm sahəsində məşğulluğunun artırılması.

3. Zonanın yaradılması

3.1. Zonanın yaradılması haqqında qərar səlahiyyətli orqanın təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Zonaya məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq dövlət torpaqları, habelə torpaq sahələri üzərində mövcud olan müvafiq hüquqlara xitam verilmədən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaq sahələri daxil edilə bilər.

3.2. Zonanın yaradılması haqqında qərarda onun yaradılmasının məqsədi, mərkəzlərin ixtisaslaşma istiqamətindən asılı olaraq turizmin forma və növləri, maliyyələşmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müəyyən edilir.

3.3. Səlahiyyətli orqanın Zonanın yaradılması haqqında təklifinə aşağıdakı sənədlər əlavə edilir:

3.3.1. Zonanın inkişaf konsepsiyası;

3.3.2. Zonanın yaradılmasının iqtisadi əsaslandırılması (perspektiv inkişaf istiqamətləri göstərilməklə);

3.3.3. Zonanın və turizm mərkəzinin ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, turizm mərkəzində yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısı, torpaqların əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olması barədə tələb edilən xərc məbləğinə dair məlumat, həmçinin tərtib edilmiş yerquruluşu xəritələri;

3.3.4. Zonanın əsasnaməsinin layihəsi;

3.3.5. Zonanın yaradılması ilə əlaqədar tədbirlər planı.

3.4. Zonanın yaradılması ilə bağlı təklifin hazırlanması məqsədilə bu Əsasnamənin 3.3.3-cü yarımbəndində nəzərdə tutulan sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda, məlumatlar (sənədlər) səlahiyyətli orqanın müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq təmin edilir.

3.5. Zonanın və turizm mərkəzinin sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

4. Turizm mərkəzi

4.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Zonada bir və ya bir neçə turizm mərkəzi müəyyən edilə bilər.

4.2. Turizm mərkəzi üçün ayrılan torpaq aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1. məqsədli təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu, su fondu və ehtiyat fondu, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;

4.2.2. respublika əhəmiyyətli, beynəlxalq avtomobil və dəmir yollarına, hava və dəniz limanlarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;

4.2.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır (torpaq sahəsində kommunal, mühəndis, elektrik, rabitə və digər xətt və şəbəkələrin çəkilişinin və istismarının, su təchizatı və meliorasiyanın, habelə servitut qoyulmadan təmin edilə bilməyən digər ehtiyacların təmin edilməsi üçün servitut təyin oluna bilər);

4.2.4. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə uyğun olmalıdır.

4.3. Turizm mərkəzi dövlət mülkiyyətində olan torpaq sahələrində, habelə onların mülkiyyətçiləri ilə bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində müəyyən edilə bilər.

4.4. Turizm mərkəzi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələri, tikinti obyektləri və qeyri-yaşayış sahələri icarəyə vermək hüququ ilə idarəedici təşkilatın daimi istifadəsinə verilir və onlardan yalnız Zonanın fəaliyyəti məqsədilə istifadə edilir.

4.5. Turizm mərkəzinin infrastrukturu dövlət mülkiyyəti hesab olunur.

4.6. Turizm mərkəzində Zonanın rezidenti tərəfindən yaradılan xidmət sahələri (tikinti obyektləri), habelə rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq onların mülkiyyəti hesab edilir.

4.7. Turizm mərkəzində tikinti fəaliyyəti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

5. Zonanın fəaliyyətinin təşkili və idarə olunması

5.1. Zonanın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Zonanın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat həyata keçirir.

5.2. Zonanın iqtisadi cəhətdən səmərəli və daha çevik idarə olunmasını təmin etmək məqsədilə səlahiyyətli orqanın qərarı ilə idarəedici təşkilat tərəfindən təşkil edilən müsabiqə əsasında operator cəlb edilə bilər. Operatorun müsabiqə əsasında seçilməsi qaydasını səlahiyyətli orqan müəyyən edir.

5.3. İdarəedici təşkilat və operator Zonanın fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti Zonanın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə edilmiş funksiyaları icra etməkdən ibarətdir. İdarəedici təşkilat və operator Zonanın rezidenti və qeyri-rezidenti kimi fəaliyyət göstərə bilməzlər.

5.4. Zonanın operator tərəfindən idarə olunması onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir. İdarəetmə sazişinin nümunəvi formasını səlahiyyətli orqan müəyyən edir.

5.5. Zonanın əsasnaməsi Zonanın yaradılmasına, idarə edilməsinə və fəaliyyətinin həyata keçirilməsinə dair bu Əsasnamə ilə müəyyən olunmuş müddəalar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

5.6. Səlahiyyətli orqan tərəfindən Zonanın inkişaf konsepsiyasına uyğun olaraq maraqlı tərəflərin prosesdə iştirakının təmin olunması, təbii və mədəni irsin mühafizəsində yerli icmanın və özəl sektorun rolunun artırılması və digər məqsədlərlə idarəedici təşkilatın yanında məşvərətçi orqan olan Şura yaradıla bilər.

6. Səlahiyyətli orqanın fəaliyyət istiqamətləri

6.1. Səlahiyyətli orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.1.1. Zonanın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

6.1.2. Zonada inhisarçılığa və haqsız rəqabətə yol verilməməsinə nəzarət etmək;

6.1.3. Zonada turizmin dayanıqlı təşkili və davamlı inkişafı məqsədilə digər dövlət orqanları (qurumları), habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək;

6.1.4. Zonaya investisiya qoyuluşunun təşviqi üçün tədbirlər görmək;

6.1.5. turizm mərkəzində göstərilən turizm xidmətləri üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görmək.

7. Səlahiyyətli orqanın hüquq və vəzifələri

7.1. Səlahiyyətli orqanın hüquqları aşağıdakılardır:

7.1.1. Zonanın, onun sərhədləri daxilində turizm mərkəzlərinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;

7.1.2. Zonanın və onun sərhədləri daxilində yaradılan turizm mərkəzlərinin fəaliyyətinin təşkili ilə bağlı normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

7.1.3. Zonanın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata kömək göstərmək;

7.1.4. Zonanın və turizm mərkəzlərinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;

7.1.5. turizm mərkəzlərində monitorinqlər keçirmək;

7.1.6. turizm mərkəzində göstərilən turizm xidmətləri üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin turizm sahəsində təcrübəsini öyrənmək və digər zəruri tədbirləri həyata keçirmək;

7.1.7. turizm mərkəzlərində turizm marşrutlarını təsdiq etmək;

7.1.8. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. Səlahiyyətli orqanın vəzifələri aşağıdakılardır:

7.2.1. Zonada inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi üçün zəruri tədbirlər görmək;

7.2.2. Zonanın illik (çoxillik) fəaliyyət planını təsdiq etmək;

7.2.3. Zonanın fəaliyyəti barədə illik hesabat hazırlamaq və növbəti ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

7.2.4. turizm mərkəzinin baş inkişaf planının layihəsini hazırlamaq və onu təsdiq etmək;

7.2.5. Zonanın ixtisaslaşma istiqamətindən asılı olaraq turizmin forma və növlərinə uyğun qaydada qeyri-rezidentlərin turizm mərkəzində həyata keçirdikləri sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq etmək;

7.2.6. Zonanın rezident və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydasını təsdiq etmək;

7.2.7. bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

8. İdarəedici təşkilatın fəaliyyət istiqamətləri

8.1. İdarəedici təşkilatın fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1.1. Zonanın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;

8.1.2. Zonada rezidentlərin və qeyri-rezidentlərin fəaliyyətinin bu Əsasnamənin tələblərinə uyğun təşkili ilə bağlı tədbirlər görmək;

8.1.3. Zonanın inkişafını təmin etmək;

8.1.4. Zonanın fəaliyyətinin təşkili ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.1.5. bu Əsasnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

9. İdarəedici təşkilatın hüquq və vəzifələri

9.1. İdarəedici təşkilatın hüquqları aşağıdakılardır:

9.1.1. turizm mərkəzinin infrastrukturuna xidmət göstərilməsinə, onun fəaliyyətinin təmin edilməsinə, cari və əsaslı təmirinin həyata keçirilməsinə dəstək vermək;

9.1.2. turizm mərkəzində dövlət mülkiyyətində olan torpaq sahələrini Zonanın rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;

9.1.3. Zonanın idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;

9.1.4. Zonanın rezidentləri və qeyri-rezidentləri, habelə dövlət və yerli özünüidarəetmə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərmək;

9.1.5. aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən Zonanın rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyəti ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılan yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;

9.1.6. Zonanın rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;

9.1.7. ofis, konsaltinq, təlim, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, təşviqat xidmətlərinin və Zonada səmərəli fəaliyyət üçün digər xidmətlər göstərilməsini təşkil etmək;

9.1.8. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu Əsasnaməyə əməl edilməsi ilə bağlı Zonanın rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;

9.1.9. Zonanın fəaliyyətini təşviq etmək, Zonanın inkişafı üçün investorların cəlb edilməsi ilə bağlı tədbirlər görmək;

9.1.10. bu Əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

9.2. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:

9.2.1. Zonanın rezidentlərinin və qeyri-rezidentlərinin qeydiyyatını (reyestrini) aparmaq;

9.2.2. Zonanın idarə olunmasına operatorun cəlb edilməsi üçün müsabiqəni təşkil etmək, operatoru seçmək, onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

9.2.3. Zonanın illik (çoxillik) fəaliyyət planını hazırlamaq və təsdiq üçün səlahiyyətli orqana təqdim etmək;

9.2.4. Zonanın fəaliyyəti və inkişafı barədə yarımillik hesabatı, o cümlədən özünün illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə səlahiyyətli orqana təqdim etmək;

9.2.5. Zonanın rezidentləri və qeyri-rezidentləri ilə müqavilələr bağlamaq, müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;

9.2.6. Zonanın rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabat və statistik məlumatlar almaq, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

9.2.7. bu Əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

9.3. Zonanın idarə edilməsi üçün operator seçildiyi halda, bu Əsasnamənin 9.1.1-ci, 9.1.5-ci 9.1.7–9.1.10-cu və 9.2.6-cı yarımbəndlərində göstərilən hüquq və vəzifələri həmin operator həyata keçirir.

10. İdarəedici təşkilatın gəlirləri

10.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

10.1.1. turizm mərkəzlərinin ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin, tikinti obyektlərinin və qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunan gəlirdən (dövlət əmlakının icarəyə verilməsindən əldə olunan icarə haqqının “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsindən);

10.1.2. Zonanın idarə edilməsinə görə alınan haqlardan;

10.1.3. kredit, qrant və ianələrdən;

10.1.4. Zonada səmərəli fəaliyyət üçün bu Əsasnamənin 9.1.7-ci yarımbəndinə uyğun olaraq təşkil edilən xidmətlərdən;

10.1.5. qanunla qadağan olunmayan digər mənbələrdən.

10.2. Zonanın idarə edilməsinə görə haqqa turizm mərkəzinin infrastrukturunun və ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər Zonanın rezidentləri və qeyri-rezidentləri tərəfindən ödənilir. Zonanın idarə olunmasına görə haqqın məbləğini səlahiyyətli orqan müəyyən edir.

10.3. Bu Əsasnamənin 10.2-ci bəndində nəzərdə tutulan xərclərdə Zonanın rezidentinin və qeyri-rezidentinin payı onun icarəyə götürdüyü torpaq sahəsinin ölçüsünə görə müəyyən edilir.

10.4. Zonanın idarə olunması üçün operator seçildiyi halda, bu Əsasnamənin 10.1-ci bəndində nəzərdə tutulan gəlirlər idarəetmə sazişi ilə müəyyən edilmiş qaydada idarəedici təşkilatla operator arasında bölüşdürülür.

11. Şuranın fəaliyyəti

11.1. Şura səlahiyyətli orqan tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

11.2. Şuranın tərkibinə aşağıdakı şəxslər daxil edilirlər:

11.2.1. səlahiyyətli orqanın nümayəndəsi;

11.2.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi;

11.2.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi;

11.2.4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi;

11.2.5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi;

11.2.6. Zonanın əhatə etdiyi torpaq sahələrinin yerləşdiyi ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin hər birinin nümayəndəsi;

11.2.7. turizm mərkəzinə icarə müqaviləsi əsasında xüsusi mülkiyyətdə olan torpaqlar daxil edildikdə, həmin torpaq sahələrinin mülkiyyətçiləri;

11.2.8. Zonanın inkişafına investisiya qoymuş şəxslər;

11.2.9. turizm sənaye assosiasiyalarının hər birinin nümayəndəsi.

11.3. Şuranın funksiyaları aşağıdakılardır:

11.3.1. Zonanın idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata təkliflər vermək;

11.3.2. dövlət və bələdiyyə orqanları ilə, digər qurumlarla və ayrı-ayrı maraqlı tərəflərlə birgə layihələrin hazırlanmasını müzakirə etmək;

11.3.3. Zonada həyata keçirilən fəaliyyəti fəaliyyət istiqamətlərinə uyğun olaraq yoxlamaq və təhlil etmək;

11.3.4. Əsasnaməsi ilə müəyyən edilmiş digər funksiyaları yerinə yetirmək.

12. Zonada sahibkarlıq fəaliyyəti

12.1. Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara (bundan sonra – Qaydalar) əsasən həyata keçirilir.

12.2. Mərkəzdə investisiya fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslər Qaydalara uyğun olaraq turizm mərkəzlərində torpaq sahələrinin icarəyə verilməsi ilə əlaqədar keçirilən müsabiqədə (bundan sonra – müsabiqə) iştirak etməlidirlər.

12.3. Müsabiqədə qalib olmuş şəxs müsabiqənin nəticəsi elan edildiyi tarixdən 1 (bir) ay ərzində idarəedici təşkilatla səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun, müddəti 2 (iki) ildən artıq olmayan turizm mərkəzində torpaq sahəsinin icarə müqaviləsi (bundan sonra – icarə müqaviləsi) bağlamalıdır. İcarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində müsabiqənin qalibi aşağıdakı işləri həyata keçirməlidir:

12.3.1. investisiya layihəsinin icra planını hazırlamalı;

12.3.2. investisiya layihəsi çərçivəsində inşa ediləcək tikinti obyektlərinin layihəsini hazırlamalı (tikinti layihəsi müsabiqə çərçivəsində təqdim edilən investisiya layihəsinin konsepsiyasına uyğun olmalıdır);

12.3.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikintiyə icazə almalıdır.

12.4. Müsabiqənin qalibi (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla) icarə müqaviləsinin imzalandığı tarixdən 1 (bir) ay ərzində idarəedici təşkilata aşağıdakı məbləğlərdə bank zəmanəti (zəmanətin qüvvədəolma müddəti icarə müqaviləsinin qüvvədəolma müddətindən 6 (altı) ay çox olmalıdır) təqdim etməlidir:

12.4.1. sağlamlıq və dağ turizmi obyektlərinin tikintisini nəzərdə tutan investisiya layihələri üzrə – icarə müqaviləsinin qüvvədə olduğu müddət üzrə hesablanan icarə haqqının 50 faizi;

12.4.2. digər investisiya layihələri üzrə – icarə müqaviləsinin qüvvədə olduğu müddət üzrə hesablanan icarə haqqının 100 faizi.

12.5. Müsabiqənin qalibi bu Əsasnamənin 12.3-cü bəndində nəzərdə tutulmuş işlərin gedişinə dair idarəedici təşkilata rüblük hesabatlar təqdim etməlidir.

12.6. Müsabiqənin qalibi icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Əsasnamənin 12.3-cü bəndində nəzərdə tutulan işlərə dair təsdiqedici sənədlərlə idarəedici təşkilata müraciət edir.

12.7. Müsabiqənin qalibi tərəfindən bu Əsasnamənin 12.6-cı bəndində qeyd olunan sənədlər təqdim edildiyi tarixdən 15 (on beş) iş günü müddətində idarəedici təşkilat sənədlərin ekspertizasını həyata keçirir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların aradan qaldırılması ilə bağlı müsabiqənin qalibinə 3 (üç) iş günü ərzində yazılı məlumat verilir. Müsabiqənin qalibi icarə müqaviləsinin qüvvədə olduğu müddətdə çatışmazlıqları aradan qaldırıb yenidən müraciət edə bilər.

12.8. Müsabiqənin qalibi çatışmazlıqları bu Əsasnamənin 12.7-ci bəndində nəzərdə tutulmuş qaydada aradan qaldırmadığı halda, onun təqdim etdiyi bank zəmanəti idarəedici təşkilatın hesabına keçir.

12.9. Bu Əsasnamənin 12.7-ci bəndində qeyd edilmiş qaydada ekspertizadan keçmiş müsabiqənin qalibi qüvvədəolma müddəti investisiya layihəsinin icra planının əhatə etdiyi dövrdən 1 (bir) il çox olan, aşağıda müəyyən olunmuş məbləğlərdə bank zəmanətini (mikro, kiçik və orta sahibkarlıq subyektlərinə münasibətdə bank zəmanəti tələb olunmur) 30 (otuz) iş günü ərzində idarəedici təşkilata təqdim etməlidir:

12.9.1. sağlamlıq və dağ turizmi obyektlərinin tikintisini nəzərdə tutan investisiya layihələri üzrə – investisiya məbləğinin 2 faizi;

12.9.2. digər investisiya layihələri üzrə – investisiya məbləğinin 4 faizi.

12.10. Bu Əsasnamənin 12.9-cu bəndində nəzərdə tutulan bank zəmanətinin təqdim edildiyi tarixdən (mikro, kiçik və orta sahibkarlıq subyektlərinə münasibətdə ekspertizadan keçdiyi tarixdən) etibarən 10 (on) iş günü ərzində müsabiqə qalibi ilə idarəedici təşkilat arasında səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə (bundan sonra – sahibkarlıq müqaviləsi) bağlanılır və o, Zonanın rezidenti hesab olunur. Müsabiqə qalibinin qeyd edilən müddət ərzində idarəedici təşkilatla sahibkarlıq müqaviləsi bağlamaması icarə müqaviləsinin ləğvinə səbəb olur.

12.11. Sahibkarlıq müqaviləsi bağlanıldığı müddətdən etibarən bu Əsasnamənin 12.3-cü bəndinə əsasən müsabiqənin qalibi ilə bağlanılmış icarə müqaviləsinin müddəti sahibkarlıq müqaviləsinin qüvvədə olduğu müddətə uzadılır.

12.12. Sahibkarlıq müqaviləsi bağlanıldığı tarixdən 5 (beş) iş günü ərzində rezidentə bu Əsasnamənin 12.4-cü bəndinə əsasən təqdim edilmiş bank zəmanəti geri qaytarılır.

12.13. Sahibkarlıq müqaviləsində aşağıdakılar öz əksini tapmalıdır:

12.13.1. turizm mərkəzində göstəriləcək turizm xidmətləri üzrə həyata keçiriləcək sahibkarlıq fəaliyyəti;

12.13.2. turizm mərkəzinə qoyulacaq investisiyanın həcmi, xidmət sahələrinin və digər obyektlərin inşası, qurulması və yerləşdirilməsi şərtləri, xidmətlərin (işlərin) göstərilməsinə başlama tarixi;

12.13.3. Zonanın idarə edilməsinə görə alınan haqların, habelə idarəedici təşkilat tərəfindən göstərilən xidmətlərə görə haqqın məbləği;

12.13.4. müqavilənin müddəti;

12.13.5. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti;

12.13.6. qarşısıalınmaz qüvvənin təsiri altında tərəflərin münasibətlərinin tənzimlənməsi qaydası;

12.13.7. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

12.14. Zonanın rezidenti tərəfindən investisiya həcminin 50 faizinin investisiya kimi qoyulduğunu təsdiq edən sənədlər idarəedici təşkilata təqdim edildikdən sonra bu Əsasnamənin 12.9-cu bəndində nəzərdə tutulmuş bank zəmanəti geri qaytarılır.

12.15. Zonanın rezidenti müqavilədə göstərilən xidmət sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması və xidmət göstərilməsinə başlanılması ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən olunmuş müddətdə icra etmədikdə (qarşısıalınmaz qüvvənin təsir etdiyi hallar istisna olmaqla), idarəedici təşkilat Zonanın rezidentinə bildiriş təqdim edir. Bildirişdə Zonanın rezidentinə qeyd olunan işlərin başa çatdırılması üçün əlavə olaraq 1 (bir) ildən çox olmayan müddət təyin edilir.

12.16. Zonanın rezidenti müqavilədə, yaxud bildirişdə müəyyən olunmuş müddətdə xidmət sahələrinin və digər obyektlərin inşası, qurulması və yerləşdirilməsi ilə bağlı işləri yekunlaşdıraraq tikinti obyektlərinin istismarına icazə sənədini məlumat üçün idarəedici təşkilata təqdim edir.

12.17. Zonanın rezidenti istismara icazə sənədini əldə etdikdən sonra investisiya layihəsi çərçivəsində turizm mərkəzində yaratdığı xidmət sahələrində (tikinti obyektlərində) özü fəaliyyət göstərə, yaxud turizm xidmətləri göstərilməsi ilə bağlı öhdəliklərini idarəedici təşkilatı məlumatlandırmaqla müqavilə əsasında üçüncü şəxslərə ötürə bilər.

12.18. Bu Əsasnamənin 12.17-ci bəndi ilə müəyyən edilmiş halda Zonanın rezidenti idarəedici təşkilatla bağladığı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə turizm xidmətləri göstərilməsi ilə bağlı öhdəliklərini ötürdüyü üçüncü şəxslər tərəfindən əməl olunmasına görə idarəedici təşkilat qarşısında məsuliyyət daşıyır.

12.19. Sahibkarlıq müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

12.19.1. müqavilənin müddəti başa çatdıqda;

12.19.2. 6 (altı) ay əvvəlcədən idarəedici təşkilatı məlumatlandırmaqla Zonanın rezidentinin tələbi ilə;

12.19.3. Zonanın rezidenti müqavilədə göstərilən xidmət sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması, xidmətlər göstərilməsinə başlanılması ilə bağlı öhdəliklərini bu Əsasnamənin 12.15-ci bəndinə uyğun olaraq verilən bildirişlə müəyyən olunmuş müddətdə icra etmədikdə, idarəedici təşkilatın təşəbbüsü ilə;

12.19.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.

12.20. Bu Əsasnamənin 12.19-cu bəndində göstərilən əsaslarla sahibkarlıq müqaviləsinə xitam verilməsi torpaq sahəsinin icarə müqaviləsinin ləğvinə səbəb olur.

12.21. Sahibkarlıq müqaviləsinə xitam verildikdə, Zonanın rezidenti mülkiyyətində olan xidmət sahələrinin (tikinti obyektlərinin), avadanlıq və qurğuların özgəninkiləşdirilməsi, yaxud özü və ya çəkilən xərcləri ödəmək şərtilə idarəedici təşkilat tərəfindən sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) barədə qərar qəbul edir.

12.22. Zonanın rezidentinin müqavilə üzrə öhdəlikləri bu Əsasnamənin 12.21-ci bəndinə uyğun olaraq xidmət sahəsini əldə edən hüquqi və ya fiziki şəxslərə keçir. Həmin fiziki və ya hüquqi şəxslər bu Əsasnamənin 12.9-cu bəndində nəzərdə tutulmuş bank zəmanətini təqdim etdikləri tarixdən Zonanın rezidenti hesab olunurlar.

12.23. İdarəedici təşkilat (və ya operator) mərkəz daxilində səlahiyyətli orqan tərəfindən bu Əsasnamənin 7.2.5-ci yarımbəndinə əsasən müəyyən edilən sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi üçün müqavilə əsasında Zonaya qeyri-rezidentlər cəlb edə bilər.

12.24. İdarəedici təşkilat Zonanın rezidentlərinin və qeyri-rezidentlərinin siyahısının və həmin siyahıda baş verən dəyişikliklər barədə məlumatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim olunmasını təmin edir.

13. Turizm mərkəzinin baş inkişaf planı

13.1. Turizm mərkəzinin baş inkişaf planı turizm mərkəzlərinin inkişafı məqsədilə tərtib edilir.

13.2. Aidiyyəti dövlət orqanı razılaşdırılmaq üçün göndərilmiş turizm mərkəzinin baş inkişaf planı layihəsinin alındığı gündən ən geci 30 (otuz) gün müddətində razılığın verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir.

13.3. Turizm mərkəzinin baş inkişaf planı onun ərazisini təşkil edən yaşayış məntəqəsinin Baş planı nəzərə alınmaqla hazırlanır. Turizm mərkəzinin yerləşdiyi yaşayış məntəqəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş planı hazırlanarkən, turizm mərkəzinin baş inkişaf planı nəzərə alınır.

13.4. Turizm mərkəzinin baş inkişaf planında müvafiq turizm mərkəzinin mövcud potensialına uyğun olaraq aşağıdakılar nəzərdə tutula bilər:

13.4.1. turizm xidmətləri göstərilməsini təmin edən obyektlərin tikintisi məqsədilə ərazidən istifadənin növündən və miqyasından asılı olaraq tikinti üçün nəzərdə tutulmuş ərazilər;

13.4.2. sosial və mədəni-məişət ehtiyaclarının təmin edilməsi məqsədilə müvafiq obyekt və müəssisələr, eləcə də idman və oyun meydançaları üçün ərazilər;

13.4.3. parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri;

13.4.4. yol-nəqliyyat infrastrukturu üçün ərazilər;

13.4.5. mühəndis-kommunikasiya təminatı, habelə tullantılar üçün ərazilər;

13.4.6. meşələr;

13.4.7. təbii mühitin və landşaftın qorunması, onlara qayğı göstərilməsi və inkişafı məqsədilə tədbirlər görülməsi üçün ərazilər;

13.4.8. Zonanın ixtisaslaşma istiqamətindən asılı olaraq turizmin forma və növlərinə uyğun qaydada planlaşdırılan digər ərazilər.

13.5. Turizm mərkəzinin baş inkişaf planının qüvvədəolma müddəti 20 (iyirmi) ildir.

14. Zonada tətbiq edilən mühafizə rejimi

14.1. Zonanın sərhədləri daxilində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən, təbii müalicə ehtiyatlarından və müalicə-sağlamlaşdırma yerlərindən, mədəni irs obyektlərindən turizm məqsədləri üçün istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

14.2. Zonanın ərazisində Qanunla yol verilən fəaliyyət həyata keçirilə bilər.

14.3. Turizm mərkəzlərində yerləşən təbii müalicə ehtiyatlarının rezidentlərə paylanılmasını idarəedici təşkilat həyata keçirir.

15. Turizm mərkəzində stimullaşdırıcı tədbirlər

15.1. Turizm mərkəzlərinə münasibətdə aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:

15.1.1. turizm mərkəzinin infrastrukturla təmin edilməsi;

15.1.2. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə torpaq sahəsinin icarə haqqının “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş aşağı həddə tətbiq edilməsi;

15.1.3. güzəştli kreditlərin verilməsi;

15.1.4. investisiya qoyuluşunun dəstəklənməsi;

15.1.5. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

16. Turizm mərkəzlərinin torpaq sahələrindən istifadə

16.1. Turizm mərkəzlərinin torpaq sahələrindən istifadə olunması Zonanın rezidenti, habelə qeyri-rezidenti ilə idarəedici təşkilat arasında bağlanılan turizm mərkəzində torpaq sahəsinin icarə müqaviləsi əsasında həyata keçirilir.

16.2. Turizm mərkəzində torpaq sahələri qeyri-rezidentlərə bağladıqları müqavilə müddətinə uyğun olaraq icarəyə verilir.

16.3. İdarəedici təşkilatın icarəyə verdiyi torpaq sahələrindən icarə müqavilələrində göstərilməyən məqsədlər üçün istifadəyə yol verilmir.

17. Zonanın yaradılması ilə bağlı işlərin maliyyələşdirilməsi

Zonanın yaradılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr, fəaliyyəti isə rezidentlər və Zonanın fəaliyyətindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.

18. Zonalara dövlət nəzarəti

18.1. Zonalara dövlət nəzarətinin məqsədi həmin ərazilərin mühafizəsi, bərpası və istifadəsi ilə bağlı tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdir.

18.2. Zonalarda turizm fəaliyyətinə dövlət nəzarəti Qanuna uyğun olaraq həyata keçirilir.

19. Zonanın ləğv edilməsi

19.1. Zonanın ləğv edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

19.2. Zonanın ləğv edilməsi onun rezidenti, habelə qeyri-rezidenti olmuş hüquqi və fiziki şəxslərin həmin ərazidə fəaliyyəti davam etdirmələrinə mane olmur.

Fərmanlar