Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun tətbiqi və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 36-1-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 36-1-ci maddəsinin birinci və ikinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498 (Cild I); 2024, № 1, maddə 28) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “46-cı maddəsinin” sözlərindən əvvəl “36-1-ci maddəsinin birinci və ikinci hissələrində,” sözləri əlavə edilsin;

3.2. onuncu abzasa “hissəsində” sözündən sonra “və 36-1-ci maddəsinin birinci və ikinci hissələrində” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2024-cü il

Fərmanlar