Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində, 10-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-1-ci maddəsində, 10-2-ci maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 10-2-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulurlar;

1.4. həmin Qanunun 10-2-ci maddəsinə uyğun olaraq qeyri-yaşayış binalarının istismarına icazə verilməsi ilə bağlı həmin binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı baxımından müayinə olunmasına görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 91-ci maddəsində təsbit edilmiş tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərclər həcmində xidmət haqqı ödənilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 437, № 10, maddə 1581; 2021, № 12, maddə 1405; 2022, № 4, maddə 306, № 8, maddə 883) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.1-ci bəndə “tikinti obyektlərinə” sözlərindən sonra “(“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin Siyahısı”na aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd: “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə uyğun olaraq tikinti obyektlərinin (çoxmənzilli binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral şəraitdə təhlili və bununla əlaqədar məlumatların uçotunun təşkili üçün bu Siyahının 5-ci hissəsi ilə müəyyən edilən xidmətlərə görə haqqın məbləği həcmində xidmət haqqı tətbiq edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il

Fərmanlar