Akademik İsa Həbibbəyli Türkiyənin Ərdəhan Universitetinin rektoru ilə görüşüb

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Ərdəhan Universitetinin rektoru prof., Dr. Öztürk Emiroğlu ilə görüşüb.

Akademik İsa Həbibbəyli görüş zamanı tarixi köklərə söykənən Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin bu gün çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Qeyd edib ki, bu münasibətlər tarixən formalaşmış ortaq dəyərlərə, mədəni bağlılığa və qarşılıqlı etimada əsaslanır və bu gün də bütün sahələr üzrə, xüsusilə elm və təhsil istiqamətində də dinamik şəkildə inkişaf edir. Akademik İsa Həbibbəyli bu gün AMEA-nın qardaş ölkənin Elmlər Akademiyası (TÜBA), TÜBİTAK, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu kimi akademik qurumları və bir çox ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

AMEA-nın fəaliyyəti barədə də məlumat verən akademik İsa Həbibbəyli Akademiyanın zəngin və şərəfli tarixə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, AMEA yarandığı gündən etibarən ölkəmizdə elmin inkişafında aparıcı rol oynayıb və bu gün də həmin missiyanı uğurla davam etdirir. 

AMEA-da hazırda aparılan elmi tədqiqat istiqamətləri barədə də danışan akademik İsa Həbibbəyli müasir dövrün çağırışlarına uyğun olaraq yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, xüsusilə süni intellekt sahəsində aparılan araşdırmaların genişləndirildiyini, bu istiqamətdə innovativ layihələrin həyata keçirildiyini qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, süni intellektin humanitar və ictimai elmlərə inteqrasiyası prioritet istiqamətlərdən biri hesab olunur.

Öz növbəsində çıxış edən Ərdəhan Universitetinin rektoru Öztürk Emiroğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, universitetin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığı genişləndirmək və ortaq elmi layihələrin sayını artırmaqdır.

Öztürk Emiroğlu, eyni zamanda, rəhbərlik etdiyi universitetin alimlərinin Cənubi Qafqaz regionunun arxivlərində Ərdəhanla bağlı tarixi materialların araşdırılması istiqamətində xüsusi maraq göstərdiklərini bildirib. Vurğulayıb ki, bu cür tədqiqatlar regionun tarixi keçmişinin daha dərindən öyrənilməsinə, eləcə də ortaq mədəni irsin üzə çıxarılmasına mühüm töhfə verə bilər. Rektor bu istiqamətdə AMEA ilə əməkdaşlığın xüsusilə əhəmiyyətli olacağını qeyd edib.

Görüş zamanı tezliklə tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması məsələsi də ətraflı müzakirə olunub. Bildirilib ki, bu müqavilə çərçivəsində tarix, arxeologiya, ədəbiyyat və digər humanitar və ictimai elmlər sahəsində birgə tədqiqatların aparılması, elmi konfransların təşkili və ortaq nəşrlərin hazırlanması nəzərdə tutulur. Həmçinin gənc tədqiqatçıların və doktorantların qarşılıqlı təcrübə proqramlarında iştirakı da planlaşdırılır.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Sonda Ərdəhan Universitetinin rektoru prof., Dr. Öztürk Emiroğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, Birinci Türkoloji Qurultayın keçirildiyi Böyük zala və iclas zalına baxıblar. Qonaqlara binanın tarixi haqqında geniş məlumat verilib.

Anar Turan













Elm