AMEA-da “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusu müzakirə olunub

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ana dilinin qorunması və inkişafının əhəmiyyətindən söhbət açıb. Ana dili və uşaq ədəbiyyatının bir-birinə çox bağlı məsələlər olduğunu qeyd edən akademik İsa Həbibbəyli vurğulayıb ki, uşaq ədəbiyyatı müstəqil Azərbaycanın yeni nəslini ümummilli və azərbaycançılıq ideyaları əsasında tərbiyə edilməsi üçün olduqca vacibdir. Qədim köklərə malik olan uşaq ədəbiyyatının ölkəmizdə böyük ənənələri olduğunu deyən akademik İsa Həbibbəyli XX əsrin əvvəllərində uşaq ədəbiyyatının öz qızıl dövrünü yaşadığını bildirib.

“Dahi Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin, Abdulla Şaiqin, Rəşid bəy Əfəndiyevin uşaq ədəbiyyatındakı böyük xidmətlərini bugünkü uşaqlar üçün də örnək hesab etmək olar. Bundan əlavə, sovet dövrü Azərbaycan uşaq ədəbiyyatında isə Hikmət Ziya, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil, Ənvər Əlibəyli və digər tanınmış simaları qeyd etmək olar. Müstəqilliyimizin bərpasından sonra uşaq ədəbiyyatında bir qədər çətinlik yaşansa da, sonrakı dövrdə bir çox nəşrlər ərsəyə gətirildi. Bu gün məsuliyyətlə deyə bilərəm ki, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi ölkəmizdə bu sahəyə mühüm töhfə verir”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Ölkə Prezidentinin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində və yerli televiziya kanallarına verdiyi müsahibədə ana dili məsələsinin prioritet istiqamətlərdən birini təşkil etdiyini söyləyən akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısı tərəfindən ana dili ilə bağlı verilən tapşırıqlar, açılan imkanlar həm dilimizi müasir səviyyədə qoruyub saxlamağa xidmət edir, həm də milli ədəbiyyatın, həmçinin uşaq ədəbiyyatının inkişafına təkan verir.

Akademik İsa Həbibbəyli bildirib ki, uşaq ədəbiyyatı söz yaradıcılığının xəzinəsi olmaqla yanaşı, həm də uşaq yazıçılarının dilimizin daşıyıcılarının hələ körpə vaxtlarından onların yaddaşına həkk olunan məsələlərdir. Qeyd edib ki, bu baxımdan uşaq ədəbiyyatının üzərinə böyük məsuliyyət düşür və dil yaradıcılığına, dilə münasibətə daha şəffaf, daha sadə yanaşma tələb edir: “Uşaq yazıçılarının vəzifələrindən biri də uşaqları yeni terminoloji təfəkkürə hazırlamaqdır. Bu gün rəqəmsal texnologiyalar, internet, süni intellektə aid məsələlər uşaq ədəbiyyatında da öz əksini tapmalıdır. Bu gün haqlı olaraq uşaq ədəbiyyatı yazıçıları bu məsələyə diqqət ayırırlar. Lakin bu elə aparılmalıdır ki, zəruri halları saxlamaq şərti ilə dilimizin yad terminlərdən qorunmasına diqqət yetirilsin. Hansı konsepsiya, hansı dövrdə yayılmağından asılı olmayaraq ana dili məsələsi ədəbiyyatın ən aktual problemidir. Ana dilində kim daha çox öz fikirlərini yaxşı ifadə edə bilibsə, onun imkanlarını, qatlarını poetik şəkildə xalqla danışa bilibsə, xalqın böyük ədəbiyyatını yarada bilib. Ana dili faktoru ədəbiyyatda millilik faktorudur, dövlətçilik təfəkkürüdür, vətənpərvərlikdir”.

Sonra Milli Məclisin deputatı, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək hər il Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının AMEA-da ənənəyə çevrildiyini qeyd edib. Bildirib ki, bu gün uşaq yaradıcılığı ilə məşğul olan dəyərli yazarlarımız var və onlar bütün varlıqları, milli kimlik duyğuları ilə bu prosesdə fəal iştirak edirlər. Elnarə Akimova qeyd edib ki, etnomədəni sistemi qorumaq üçün bir qayə olmalıdır və burada ana dili və uşaq ədəbiyyatı mühüm faktordur. Vurğulayıb ki, bizim dilə olan münasibətimizin düzgün qurulması, uşaqlarımızın doğru istiqamətə yönləndirilməsi aktual məsələdir.

 

Daha sonra uşaq yazıçısı, filologiya elmləri doktoru, professor Zahid Xəlil çıxış edərək uşaq ədəbiyyatında ana dili məsələsi ilə bağlı fikirlərini bölüşüb. O, bu sahənin uşaqların dil və düşüncə tərzinin formalaşmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Ağazadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Qəmbərli, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Nigar Vəliyeva və başqaları uşaq ədəbiyyatı və ana dili mövzusunda məruzələrlə çıxış ediblər.

 

Sonda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəbin şagirdləri ana dilinə həsr olunmuş, vətənpərvərlik ruhunda yazılmış maraqlı şeirlər səsləndiriblər.

 

 















Elm