Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Özbəkistan səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə baş tutan mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, ədəbiyyat, mədəniyyət və tarix sahəsi üzrə alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.
Akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, illər ərzində Əlişir Nəvainin yaradıcılığı çoxsaylı konfrans və tədqiqatların mövzusu olub.
“Artıq 10 ilə yaxındır ki, bu hadisəni qeyd edirik. Bu gün Daşkənddən sonra Nəvainin əlyazmalarının saxlanıldığı ən böyük mərkəz Azərbaycandadır. Akademiyanın xəzinəsində əlyazmalar, o cümlədən Nəvainin orijinal mətnləri və özbək ustaların qeydləri olan əlyazmalar ideal vəziyyətdədir. Şairin ən zəngin irsi bizdə cəmləşib və burada saxlanılan kitablar, məqalələr və tədqiqatlar əsasında bütöv bir kitabxana toplamaq olar”, – deyə o vurğulayıb.
Səfir Bahrom Aşrafxanov Bakının türk mədəniyyətinin mərkəzi kimi tarixi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Nəvainin irsinin öyrənilməsi və təbliği üzrə səylər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi ilə davam etdirilir. O əlavə edib ki, 2026-cı ildə Əmir Teymur və Əlişir Nəvainin yubileyləri çərçivəsində mədəni əlaqələrin möhkəmləndirilməsi və irsin yeni nəsillərə ötürülməsi üçün irimiqyaslı beynəlxalq tədbirlər təşkil olunacaq.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə Əlişir Nəvainin təkcə XV əsrin böyük şairi deyil, həm də türk dünyasının mədəni və mənəvi irsinin yaradıcısı olduğunu qeyd edib. O vurğulayıb ki, Nəvainin irsi türk dilini mədəniyyət, ədəbiyyat və sivilizasiya dəyərlərinin ötürülməsi vasitəsinə çevirir.
Qabil YUSİFOĞLU
XQ

