“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib

post-img

Bakı Ali Neft Məktəbində “Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Tələbə Mentorluq Proqramının gənclərin potensialının üzə çıxarılması və onların peşəkar inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Tələbə Mentorluq Proqramının bilik və təcrübə ötürülməsində səmərəli olduğunu qeyd edərək, bu proqramın gənclərin düzgün karyera istiqamətinin müəyyənləşdirilməsinə və liderlik bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Tədbir zamanı Tələbə Mentorluq Proqramına cəlb olunan tələbələrlə onlara mentorluq edəcək “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgü aparıldığı elan edilib. Proqram çərçivəsində mentorlar tələbələrlə həm fərdi, həm də qrup formatında fəaliyyət göstərəcək, onların peşəkar biliklərinin artırılmasına və şəxsi inkişafına dəstək olacaqlar. Mentorluq prosesi karyera planlaşdırılması, liderlik bacarıqlarının gücləndirilməsi, effektiv ünsiyyət və analitik düşüncə vərdişlərinin formalaşdırılması kimi əsas istiqamətləri əhatə edəcək. Bununla yanaşı, tələbələrin potensialının üzə çıxarılması və gələcək karyera imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi görüşlər və inkişafyönümlü sessiyalar təşkil olunacaq.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, həmçinin Mentorluq Proqramında iştirak imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sayca üçüncü dəfə keçirilən Tələbə Mentorluq Proqramının ilk mövsümü 2023-2024-cü illərdə, ikinci mövsümü 2024-2025-ci illərdə müvəffəqiyyətlə tamamlanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.







Elm