Azərbaycan Milli Elmlər Akademiyasında təbiət elmləri

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsində ötən 80 ildə 4 elmi müəssisə – Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutu yaranıb. Prezident İlham Əliyevin sərəncamı ilə 28 iyul 2022-ci ildən həmin institutlar Elm və Təhsil Nazirliyinin tabeliyiçiliyinə verilib.

Lakin AMEA-nın Nizamnaməsinə görə, Kimya Elmləri Bölməsi respublikada kimya sahəsində elmi tədqiqat hesabatlarının hazırlanmasında, müzakirə edilməsində, tövsiyyələrin verilməsində, AMEA-ya seçkilərin keçirilməsində əsas qurum olaraq fəaliyyətini davam etdirir.

Kimya sahəsində elmi tədqiqatlar Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali məktəblərdə və elmi müəssisələrdə də aparılır. AMEA-nın 80 illik yubileyi ərəfəsində qeyd edilən 4 elmi müəssisənin son 10 ildə əldə etdiyi əsas nəticələri oxuculara təqdim edirik.

Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda son 10 ildə ənənəvi istiqamətlərdə aparılan tədqiqatlarda mühüm nəticələrə nail olunmuşdur.

Mazutun katalitik krekinq və kokslaşmanın ağır qazoylu ilə qarışığının, vakuum qazoylunun katalitik krekinq prosesinə maqnit sahəsinin təsiri tədqiq edilmiş və göstərilmişdir ki, ənənəvi şəraitdə aparılan proseslə müqayisədə benzin və dizel fraksiyalarının çıxımı 12,5 – 25 faiz artır.

Vakuum qazoylundan perspektiv tələblərə cavab verən dizel fraksiyası və katalitik krekinq üçün keyfiyyətli xammalın alınması məqsədilə modifikaslya olunmuş yerli alümosilikat katalizatorunun, katalitik riforminq benzininin aromatik karbohidrogenlərinin hidrogenləşməsində Me/seolit/SZ kompozit katalizatorlarının və dizel fraksiyasından ayrılmış naften-parafin konsentratının aerob oksidləşməsində nano γ-Al2O3 daşıyıcısı üzərinə hopdurulmuş yüksək dispersli Cr,Mn - katalizatorunun yüksək aktivliyi müəəyyən olunmuşdur.

Aminləşdirilmiş epoksipolibutadien nümunələrinin və təbii neft turşuları ilə poliaminlər əsasında alınmış və imidazolinlərlə modifikasiya olunmuş monoalkil (C8-C12) fenolformaldehid oliqomerlərinin konservasiya mayesinin komponenti kimi T-30 markalı turbin yağında yüksək antikorroziya xassəsinə malik olduqları müəyyən edilmişdir.

Fenolun tsikloheksenkarbon turşusunun metil, etil efirləri ilə katalitik tsikloalkilləşmə reaksiyalarında alınmış efir tərkibli tsikloalkilfenollar dizel yanacağına termo və fotostabilizator, antioksidant kimi yoxlanılmış və müəyyən edilmişdir ki, dizel yanacağına 0,004 faiz antioksidant əlavə edildikdə yanacaqda çöküntü əmələ gəlmir, termo-və fotostabilləşdirici qabiliyyəti məlum kimyəvi əlavələr ilə müqayisədə 2 dəfə artmiş olur.

Xitin polisaxaridinin yerli xammal növlərindən olan xərçəng zirehi və göbələk tozundan ion mayeləri ilə 80-90oC temperaturda 10–21 faiz çıxımla bir mərhələli ekstraksiya üsulu ilə xitinin ayrılması üçün səmərəli və ekoloji təmiz proses işlənib hazırlanmışdır. Xitinin deasetilləşməsiylə əldə olunan xitozanın modifikasiya məhsulu əsasında qanaxmanı effektiv dayandıran antibakterial preparat hazırlanmışdır.

Təbii neft turşularının amid törəmələri əsasında bitumlara yüksək effektivliyə malik V-2 adgeziya aşqarı yaradılmış və onun Təcrübə-Sənaye Zavodunda (İNKOR MMC ilə birlikdə) istehsalı təşkil olunmuşdur.

“Azofosk” gübrəsinin “AzGranat” MMC-nin Şamaxı rayonunda yerləşən üzüm sahəsində sınaqları keçirilmiş və bu gübrənin bütün göstəricilərinin İsraildən gətirilmiş P, N, K tərkibli gübrədən üstünlüyü müəyyən edilmişdir.

İstehsalı təşkil olunmuş “Xəzər-24” deemulqator-inhibitorunun iştirakı ilə “Abşeron” və “Bahar” yataqlarında çıxarılan neftlərin duzsuzlaşdırılması və susuzlaşdırılması məqsədi ilə aparılan sənaye sınaqları göstərmişdir ki, deemulsasiya olunmuş neftlər göstəricilərinə görə “A” kateqoriyasına olan tələbata tam cavab verir.

“Bakı” ərptəmizləyicinin yeni tərkibli kompozisiyası “Baku Steel Company” MMC-nin oksigen sexində Koreya texnologiyası ilə tikilmiş kompressor qurğularının soyuducularının 50–70°C-də ərpdən təmizlənməsi üçün sənaye sınağından keçirilmiş və göstərilmişdir ki, ərpin tam təmizlənməsi üçün reagentin 1 tonu kifayətdir.

“Binəqədineft” İstehsalat Birliyində “Xəzər-24” deemulqatoru, “Azəri-2017” duzçökmə, “Abşeron” bakterisid və “VFİKS-2017” korroziya inhibitorlarının sənaye sınaqları aparılmış və tətbiq üçün tövsiyyə olunmuşdur. Quyularda və neftçıxarma borularında asfalt, qatran və parafinçökmənin qarşısının alınması məqsədi ilə (Marka “Parkorin-22 A”) və dizel distilatı, yüngül fleqma, (Marka B “Parkorin-22”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub və Salyan Oil Limimted şirkətinə təhvil verilmişdir.

İnstitut 29 qrant almış, büdcədənkənar 83 müqavilə əsasında daxil olan vəsaitin həcmi 2,1 milyon manat təşkil etmişdir. Əməkdaşlar 2015–2024-cü illərdə 117 kitab, monoqrafiya, dərslik və dərs vəsaitləri, 12 konfrans materialı tərtib edilmiş və buraxmışlar. Bundan əlavə, 1500-ə yaxın məqalə (745-i xaricdə), o cümlədən, “Scopus” bazasında olan jurnallarda 67 məqalə, “Web of Science” bazasənda olan jurnallarda isə 483 məqalə (bəzi jurnallar hər iki bazaya daxil olduğundan faktiki məqalələrin sayı iki bazada olan məqalələrin say cəmindən az olacaq) çap olunmuşdur. 2 min 450 məruzənin tezisləri respublika və xarici mətbuatda (təqribən, 630-u xarici mətbuatda) çap olunmuşdur. 112 patent 13-ü Avrasiya patentidir. Bu illər ərzində institutun elmi işçilərinin əsərlərinə olan istinadların ümumi sayı 8 min 500-dən çoxdur.

Bir sıra əməkdaş səmərəli elmi fəaliyyətə ğörə və institutun 90 illik yubileyi ilə əlaqədar müxtəlif fəxri adlara, medallara və mükafatlara, gənc alimlərdən Fəxriyyə Məmmədova və Mehriban Nağıyeva Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi “İlin gənc alimi” mükafatına (2016 və 2023-cü illər) layiq görülmüşlər. Çoxsaylı əməkdaş müxtəlif illərdə keçirilən beynəlxalq konfransların, forumların, müsabiqələrin iştirakşısı olmuş, əldə etdikləri elmi nəticələrə görə Azərbaycan Milli Elmlər Akademiyası, müxtəlif nazirliklər və təşkilatlar tərəfindən diplomlara, fəxri fərmanlara, mükafatlara, təşəkkürnamələrə layiq görülmüşlər.

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2015-2025-cü illərdə elmi-tədqiqat işləri bir neçə istiqamətdə aparılmışdır.

Respublikada zəngin ehtiyatları olan mineral sərvətlərin (Alunit filizi, Daşkəsən kobalt filizi, Gədəbəy mis filizi və s.) kompleks emalı sahəsində, mövcud texnoloji proseslərin təkmilləşdirilməsi və yeni texnoloji proseslərin hazırlanması istiqamətində səmərəli işlər görülmüş, iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən zərərsiz, yaşıl kimyanın prinsipləri əsasında alunitin kompleks emalının prinsipial texnoloji sxemi işlənib hazırlanmışdır. Alunit filizini yandırmadan qələvidə aşınma yolu ilə emal etməklə, kənardan heç bir reaktiv almadan elektrodializ üsulundan istifadə edərək alüminium oksid, qələvi, sulfat turşusu, natrium-kalium sulfat gübrələri, vanadium və qalliumun alınmasının optimal şəraiti tapılmışdır.

Üçlü qeyri-üzvi sistemlərdə topoloji izolyator xassəli yeni laylı xalkogenid və xalkohalogenid fazaları aşkar edilərək onların mükəmməl monokristalları yetişdirilmişdir. Antiferromaqnetik topoloji izolyator xassəli MnBi2Te4 birləşməsi şintez edilmiş, müxtəlif elmi mərkəzlərdə tədqiq olunmuş və alınmış nəticələr birgə məqalə kimi “Nature” jurnalında çap olunmuş, Çində keçirilən beynəlxalq müsabiqədə (“Fronties of Science Award”) bərk halın fizikası üzrə son 5 ildə çap olunmuş ən yaxşı məqalə hesab edilmişdir.

Entropiya mühəndisliyi strategiyasına əsaslanmaqla argirodit ailəsi birləşmələrinin bərk məhlullar alınmış və aşkar edilmişdir ki, entropiya faktorunun sinergetik təsiri nəticəsində yüksək temperaturlarda davamlı olan ionkeçirici kubik fazalar otaq temperaturunda stabilləşir. Bu qarışıq ion-elektron keçiriciliyinə malik yeni materialların alınması üçün imkanlar açır.

Lantanoidlərin qallium sulfid tərkibli şüşələri alınmış, onlarda həyəcanlanma zamanı şüalanmanın infraqırmızı sahədən görünən sahəyə keçməsi müşahidə edilmişdir ki, bu da həmin maddələrdən antistoks lüminofor kimi optiki lifli rabitə xətlərində və gecə görmə cihazlarında istifadə edilməsini mümkün edir.

Koordinasion birləşmələr sahəsində polidental hidrazon liqandları əsasında effektiv funqisidlər və xərçəng əleyhinə aktiv olan yeni preparatlar sintez edilmişdir. Göstərilmişdir ki, bu komplekslər müxtəlif ferment zülallarına, o cümlədən AChE, BChE və Gly fermentlərinə qarşı aktiv inhibitor təsirinə malikdirlər. Benzidinin törəmələri əsasında üzvi batareyalar üçün elektrod materialı olan keçid metallarının yeni kompleksləri sintez olunmuşdur.

Metanın nanostrukturlu bifunksional biomimetik katalizator ̶ tetrakis/Al2O3 iştirakında ekoloji təmiz yaşıl oksidləşdirici olan H2O2 ilə birbaşa metanola oksidləşdirilməsi nəticəsində 300°C temperaturda 20%-ə yaxın metanol alınır..

Dərman preparatlarının bioloji aktivliyini və nəzarətli ayrılmasını təmin etmək üçün onların immobilizə olunması üçün polimer hidrogellər (matrisalar) sintez edilmiş, doksorubisin antibiotikinin uzun müddətli bioloji aktivliyini saxlamaq məqsədilə daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

Nanoquruluşlu karbon nitridin tərkibində metal olmadan hidrogen molekulunu aktivləşdirmək xassəsi müəyyən edilmiş və onun üzərində fenilasetilenin stirola və etilbenzola, fenolun tsikloheksanona və tsikloheksanola selektiv hidrogenləşməsi prosesləri üçün optimal şərait müəyyən edilmişdir.

İlk dəfə olaraq əsas işçi elementi dəmirporfirin biomimetik katalizatoru olan yarımkeçirici (Si) tərkibli katalaz tipli biomimetik elektrod hazırlanmışdır. Elektrodun yüksək aktivliyi və həssaslığı H202-in məhlulda 10-6 küt. faizə qədər qatılığını təyin etməyə imkan verir.

Suyun elektroliz prosesi üçün yüksək elektrokatalitik aktivliyə malik olan və korroziyaya davamlı nanostrukturlaşdırılmış elektrod materialı kimi nikel-molibden nazik təbəqələri elektrokimyəvi yolla sintez edilmişdir. Elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli Al2O3 daxilində n-tip CdS nanotelləri çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yüksək fotoaktivliyə malik yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe heterokeçidləri yaradılmışdır. Günəş elementləri ilə akkumulyatorları bir modulda birləşdirməklə hibrid Günəş çeviricilərinin yaradılması texnologiyası işlənib hazırlanmışdır.

Qeyri-Nyuton neftlərində nizamsız strukturların əmələ gəlməsinə səbəb olan hissəciklərin hidrodinamik qarşılıqlı təsiri, diffuziya kütləsi və istilik ötürülməsi, məsaməli mühitdə qeyri-nyuton neftlərinin hidravlik diffuziya və qeyri-xətti filtrasiyası tənliyinin analitik həlli verilmiş, məsaməli mühitlərdə hidravlik diffuziya və keçiricilik əmsallarının qiymətləndirilməsi üçün yeni ifadələr alınmışdır,

Dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modelləri təklif edilmişdir.

Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsinin yeni metodu (optimal uzlaşdırılmış material və istilik axınlarının təyini) işlənib hazırlanmışdır.

İnstitut tərəfindən Avropa Komissiyasının Horizon 2020 proqramı üzrə ümumi dəyəri 6,5 milyon avro olan Avropanın 8 ölkəsinin 11 tədqiqat mərkəzi və Universiteti ilə birgə qalib gəldiyi və tərəfdaş olduğu “Perspektiv materiallar və nanotexnologiyalar” istiqaməti üzrə “Methane oxidative conversion and hydroformylation to propylene” (814557 №-li C123) qrant layihəsi yerinə yetirilmişdir. Layihə təbii qazdan propilenin alınma texnologiyasının işlənilməsinə və tətbiqinə yönəlmişdir.

Əməkdaşların hazırladıqları, 14-ü xaricdə olmaqla, 100 kitab, monoqrafiya və dərslik, o cümlədən, “Dispers mühitdə daşınma hadisələri” monoqrafiyası nüfuzlu beynəlxalq “Taylor and Francis Group” nəşriyyatında (London, Nyu York, 2019, 434 səh.), 6 kollektiv monoqrafiyaya daxil olan fəsillər Londonda “İnterTech Open” nəşriyyatında çap olunmuşdur.

Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi tədqiqat işləri nəticəsində hidrotexniki qurğularının (HQ) su mühitində korroziya sürətləri təyin olunmuş, HQ-ların korroziyaya qarşı katod mühafizəsi üsulu təklif edilmişdir.

Bəzi d- və f- elementlərin əsasında alınmış nanoquruluşlu kompozitlərin neftlərin axıcılığına təsiri araşdırılmış, “Balaxanıneft” Neft-qaz çıxarma İdarəsinin (NQÇİ) nefthasiledici quyusundan və “Siyəzənneft” NQÇİ-nin “Ata-çay” neft yığım məntəqəsindən götürülmüş ağır neft nümunələri üzərində aparılan sınaqlar neftin kinematik özlülüyün 65-70%, qatranın miqdarının isə 50% aşağı düşdüyünü sübut etmişdir.

Filiz emalı tullantı sularından yüksək faizlə (90-95%) Cu2+ və Zn2+ ionlarının çıxarılması üçün modifikasiya olunmuş bentonit filtri hazırlanmış və İran İslam Respublikasının Gilan Almas şirkətində sənaye miqyasında sınaqdan keçirilmişdir. Alınan nəticə təbii bentonit və ənənəvi istifadə olunan aktiv kömürdən 1,5 dəfə yüksəkdir.

Alüminium və nadir elementlərin istehsal bazasını artıran yeni “Alunit şlamı – kaolinit texnologiyası” işlənib hazırlanmışdır. Mövcud texnoloji proseslərdən fərqli olaraq, gillərin dəmirdən təmizlənməsi emalın ilkin mərhələsində aparılır. Alınan alüminiumlu məhsulun alunitin emal məhlullarına əlavə edilməsi tövsiyyə olunur.

İstilik sistemləri və metal səthlərini pas/duz çöküntülərindən təmizləmək üçün tərkib (SAD) təklif edilmişdir. Tərkib üçün respublika patenti alınmışdır. Bunun əsasında biznes plan hazırlanmış və Yüksək Texnologiyalar Parkına təqdim edilmişdir.

İnstitut əməkdaşları 2015-2024-cü illərdə ümumi məbləği 3.700.00,00 AZN + 304.062,00 Avro + 200.000,00 ABŞ dolları olan 34 qrant layihəsi üzrə tədqiqatlar aparmışlar. Onlardan 20-si Beynəlxalq qrantlardır. Təsərrüfat müqavilələri əsasında İnstituta daxil olmuş büdcədən kənar vəsaitin həcmi 775.000,00 AZN olmuşdur.

İnstitutun Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Belçika, Hollandiya, Tayvan, Türkiyə, Bolqarstan və s. ölkələrin elmi-tədqiqat müəssisələri və Universitetləri ilə elmi əməkdaşlığı davam etmiş, birgə tədqiqatların nəticələri nüfuzlu jurnallarda çap edilmişdir. 7-10 oktyabr 2024-cü ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ev sahibliyi etdiyi 15 ölkə alimlərinin iştirakı ilə “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar” üzrə VIII Beynəlxalq simpozium yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir.

Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2015–2025-ci illərdə tədqiqat işləri üzvi sintezin imkanlarından istifadə etməklə aşağıdakı istiqamətlərdə davam etdirilmişdir.

Sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, fizioloji fəal maddələrin, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması istiqamətində davam etdirilmiş və bir sıra mühüm nəticələr əldə edilmişdir.

Sürtkü yağlarının yuyucu-dispersləşdirici xassələrini yaxşılaşdıran, oksidləşmə və korroziyanın qarşısını alan müxtəlif təyinatlı motor yağları, sürtkü yağlarının yaglayıcılıq xassələrini yaxşılaşdıran, yeyilməyə və siyrilməyə qarşı yüksək təsirə malik aşqarlar sintez edilmiş, onların əsasında müxtəlif təyinatlı transmissiya yağları yaradılmışdır.

Vinil və allil qrupu saxlayan monomerlər əsasında sürtkü yağlarının özlülük-temperatur xassələrini yaxşılaşdıran özlülük aşqarları və bir sıra digər xassələrini yaxşılaşdıran çoxfunksiyalı polimer aşqarlar sintez edilmiş və onlardan istifadə edilərək bütün mövsümlərdə işləyən motor yağları yaradılmışdır.

Tərkibində müxtəlif funksional qruplar olan üzvi birləşmələr əsasında sürtkü yağlarına yeni mühafizəedici aşqarlar, yağlayıcı-soyuducu mayelərin (YSM) istismar xassələrini yaxşılaşdıran, bakterisid və funqisid xassələrinə malik üzvi birləşmələrin sintezi aparılmışdır.

Canlı orqanizmlərdə bəzi patoloji proseslərin inhibitorlarının yaradılması istiqamətində sintez olunan 350-yə yaxın yeni fizioloji fəal maddənin antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları üzərində yüksək təsirə malik inhibitor olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr bədxassəli şiş, şəkərli diabet, qlaukoma, Alzheimer kimi qlobal xəstəliklərə səbəb olan pataloji proseslər üçün potensial dərman maddəsi ola bilər. Onların bəziləri standart dərman kimi tətbiq olunan preparatlara nisbətən 2-4 dəfə yüksək təsirə malikdir.

Kvant kimyəvi hesablamalar ilə bəzi üçkomponentli reaksiyaların mexanizmi tədqiq olunmuş, nəzəri hesablamalarla bu reaksiyalar nəticəsində məqsədyönlü maddələrin alınmasının optimal şəraiti tapılmış və təcrübi olaraq təsdiq edilmişdir.

Yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən və hər il 100 tonlarla istehsal olunan “Depressator-AKİ” aşqarı hazırda da Bakı–Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Bu aşqar strateji əhəmiyyət daşıdığına görə ona “Məxfi” qriflə Azərbaycan patenti verilmişdir.

Ukraynanın Xarkov şəhərində yerləşən Malışev zavodunda istehsal olunan T-80 markalı tankda istifadə edilən xüsusi təyinatlı dizel mühərrikində işlənilən М-16ИХП-3 motor yağının istismar xassələrini yaxşılaşdırmaq üçün yeni xüsusi təyinatlı М-16ИХП-3y markalı motor yağı yaradılmış və müasir mühərriklərdə sınaqlardan uğurla keçmişdir. Digər xüsusi təyinatlı motor yağı T-90 markalı tanklarda istifadə üçün sınaqdan keçmişdir.

Yaradılmış xüsusi təyinatlı М-16ИХП-3y və M-53/16Д2 markalı motor yağlarının istehsalı Təcrübə-Sənaye Zavodu MMC-də təşkil edilmiş, istehsalı və istehlakını təmin edən normativ-texniki sənədlər işlənilmişdir. Həmin yağlarının istismar xassələrinə görə üstünlüklərə malik yeni analoqları yaradılmışdır. “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş 2024-cü ildə texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Bakı neft emalı zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş və min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq ekoloji gərginlik yaradan “turş qudron”un emal prosesinin yaradılması ilə əlaqədar mazut əsasında alınan qalıq yanacaqların xassələrini yaxşılaşdıran əlavə işlənib hazırlanmış, istehsalı və tətbiqi təmin edilmişdir

Neftlə çirklənmiş torpaqların və su hövzələrinin mikrobiloji vasitələrlə təmizlənməsi istiqamətində Abşeron yarımadasının Suraxanı, Balaxanı, Binəqədi və Bibi-Heybət yataqları ətrafı müxtəlif karbohidrogen tərkibli torpaqların təmizlənməsi üçün torpağı yaxşılaşdıran əlavələr kompleksi ilə seçilmiş mikroorqanizm assosiasiyasını təmsil edən bioloji preparatların alınması üçün texnologiya yaradılmışdır. Tövsiyə olunan 4 müxtəlif biopreparatlarla yanaşı, bir ümumi biopreparat (“Universal”) hazırlanmış və sınaqdan keçirilmişdir.

Polimer Materiallari İnstitutunda 2015–2025-cü illərdə bir sıra prioritet istiqamətlər üzrə elmi tədqiqatlar aparılmış, yeni polimer materialların sintezi, onların xassələrinin öyrənilməsi və tətbiq sahələrinin müəyyən edilməsi istiqamətində mühüm elmi nəticələr əldə edilmişdir.

Makromolekulunda tsiklopropan halqası, karbonil qrupu və ikiqat rabitə olan funksional polimerlər sintez edilmiş və onların əsasında məlum analoqdan (polivinilsinnamat) daha effektli, UB-şüalara qarşı yüksək fotohəssaslığa, aşağı mikrodefektliyə və yüksək adgeziya möhkəmliyinə malik neqativ tipli fotorezistlər yaradılmışdır.

Suyun səthindən neft və neft məhsullarını 98-99 faiz yığa bilən, yüksək sorbsiya tutumlu (10-15 kq/kq), hidrofob xassəli, ekoloji cəhətdən təmiz, çoxqat regenerasiya qabiliyyətli penoplast sorbentlərin alınması üçün mexaniki-kimyəvi üsul işlənib hazırlanmışdır.

Salisil turşusunun oliqoalkil efirləri sintez olunmuş onların və aşağı sıxlıqlı polietilenin əsasında antibakterial kompozisiya materialları alınmış və göstərilmişdir ki, yüksək fiziki-mexaniki göstəricilərə və funqisid xassələrə malik olan bu kompozisiyalar yeyinti sənayesində və kənd təsərrüfatında qablaşdırma materialı kimi istifadə oluna bilər.

Saxarin-6-karbon turşusu əsasında xətti və şaxəli quruluşa malik sulfoimid fraqmentli epoksid qatranları sintez edilmiş, onların əsasında termiki davamlı epoksikompozisiyalar alınmışdır. Sintez edilmiş epoksiimid qatranları sənayedə istehsal olunan epoksidian qatranlarından daha yüksək termiki göstəricilərə malikdir və sənayedə termiki davamlı epoksibirləşmələr kimi istifadə edilə bilər.

Müxtəlif polimerlər və nanohissəciklər əsasında alınan yeni tip çoxfunksiyalı termoelastoplastik nanokompozitlərin xüsusi elektrikkeçiriciliyi geniş intervalda dəyişdirilə bildiyindən elektronikada fotoelektrik generatorların, batareyaların, işıq diodlarının, elastik və şəffaf displeylərin yaradılması üçün perspektivlidir

Butadien-nitril kauçuku, polietilen və polipropilen əsasında dinamiki vulkanlaşmış elastoplastlar işlənib hazırlanmış, “METAK” MMC müəssisəsində sınaqdan keçirilmiş və yüksək istismar göstəricilərinə malik olması təsdiqlənmişdir.

Aşağı və yuxarı sıxlıqlı polietilen qarışığı və mineral doldurucu əsasında aşağı yanma qabiliyyətli kompozit materialların hazırlanması üçün laboratoriya texnoloji reqlamenti hazırlanmışdır. Alınan kompozitlər inşaat sahəsində yüksək keyfiyyətli konstruksiya materiallarıdır və yüksək emal olunma qabiliyyətinə malikdirlər.

Sumqayıt Dövlət Universiteti və Polimer Materialları İnstitutu ilə Elm və Tədris Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, tələbə və magistrantların elmi işə cəlb olunması, təcrübi vərdişlərin formalaşması məqsədini güdür.

Kimyaçı alimlərimiz müasir dövrün çağırışlarına uyğun olaraq və Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf strategiyasının qarşıya qoyduğu tələbləri əsas götürərək yeni uğurlar qazanmaq üçün bütün imkanlarından istifadə edəcəkdir.

Dilqəm TAĞIYEV,
AMEA-nın vitse-prezidenti, Kimya elmləri bölməsinin sədri, akademik

Elm