Mayın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.
DİM-dən bildirilib ki, imtahanda 1448 namizəd iştirak edəcək. Onlardan 1109 nəfəri Azərbaycan, 339 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 620-si oğlan, 828-i isə qızdır. 261 nəfər cari ilin, 649 nəfər əvvəlki illərin məzunudur. 538 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 12 nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.