AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli Azərbaycan alimi, filosof və ictimai xadim, akademik Heydər Hüseynovun 115 illiyinə həsr edilmiş “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə institutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın müəllifi olduğu “Filosof və dövrü. Konseptual yanaşmalar” adlı monoqrafiyanı AMEA-nın 80 illik yubileyi ərəfəsi əhəmiyyətli nəşr kimi qiymətləndirib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın akademik Heydər Hüseynov haqqında “Filosof və dövrü. Konseptual yanaşmalar” adlı monoqrafiyasının Azərbaycan fəlsəfi və ictimai fikir tarixinin tədqiqinə dair sanballı əsər, eləcə də elmə və mənəvi mədəniyyətimizə dəyərli töhfə olduğunu deyib. AMEA rəhbəri kitabın çətin və şərəfli ömür yaşamış, AMEA-nın təsisçilərindən olan akademik Heydər Hüseynovun arxiv sənəd və materialları əsasında sosial-fəlsəfi görüşlərini, yaradıcılığını əks etdirən, ümumilikdə fəlsəfəyə dair aktual məsələlərin, təhlillərin və ümumiləşdirmələrin aparıldığı fundamental tədqiqat əsəri kimi səciyyələndirib.
AMEA-nın 80 illik yubileyinin əsas məqsədlərindən birinin də alimlərimizin elmi ənənələrini yaşatmaq və bu ənənələri gənc nəsillərə çatdırmaq olduğunu bildirən akademik Həbibbəyli, bugünkü təqdimatın Akademiyanın yubileyi missiyasını əks etdirən ilk tədbirlərdən biri olduğunu qeyd edib.
AMEA prezidenti xüsusilə kitabda Azərbaycan fəlsəfə tarixinin dövrləşdirilməsi mövzusunun əhəmiyyətinə diqqət çəkərək, Sovet dönəmində dövrləşmənin aparılmasının asan olmadığını bildirib və dövrləşmə üçün aydın konsepsiyanın əsas şərt olduğunu deyib. O, müəllifin yazdığı kimi fəlsəfə tariximizin dörd əsas dövrə bölündüyünü qeyd edib, bu dövrlərin səciyyəvi xüsusiyyətlərini sadalayıb.
Akademik İsa Həbibbəyli təqdimatda iştirakçıları AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində qorunan akademik Heydər Hüseynovun qovluğundakı sənədlərlə tanış edib, görkəmli alim haqqında sənədlərdə yer alan mühüm tarixi məqamları diqqətə çatdırıb.
Sonra müəllif, fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyeva çıxış edərək tədbirin AMEA-nın 80 illik yubileyi ərəfəsində onun təsisçilərinin yada salınması, xüsusilə taleyi Akademiyanın taleyi ilə sıx bağlı olan təsisçilərdən biri akademik Heydər Hüseynovun xatirəsinin yad edilməsi, onun elmi irsinin və ideyalarının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Heydər Hüseynovun Azərbaycanda sovet dövrü humanitar və ictimai elmlər sahəsinin təşəkkülündə, xüsusilə ilk vitse-prezidenti olaraq Azərbaycan Elmlər Akademiyasının çoxşaxəli, strukturlu təsisat kimi təşkilində və möhkəmləndirilməsində böyük xidmətləri olduğunu deyib. Bildirib ki, görkəmli filosof üçün yaddaş bəşəri dəyər idi və bu kitabda da əsas ideya məhz tarixi yaddaşdır. Arzu Hacıyeva eyni zamanda, gənc tədqiqatçılara elm tariximizdəki fikir adamları haqqında arxiv materiallarına əsaslanmaqla tədqiqat aparmağı tövsiyə edib.
Sonra professor İlham Məmmədzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov çıxış edərək, böyük filosof alimin elmi irsini əks etdirən “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının Azərbaycan fəlsəfi fikir tarixinin tədqiq baxımından yeni perspektivlər açdığını vurğulayıblar. Əsərin mütəfəkkirin düşüncə dünyasını, Azərbaycan fəlsəfəsinin inkişafını və zəngin irsini dərindən araşdırmağa imkan verən sanballı mənbə olduğunu qeyd ediblər.
Təqdimatda alimlər, media nümayəndələri və tələbələr iştirak ediblər.