Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

post-img

Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

“Tədbirin də əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi, mədəni, ictimai-siyasi və hüquqi tədqiqatların elmi müstəvidə müzakirəsini aparmaq, aktual problemləri və perspektivləri dəyərləndirməkdir”, - deyə rektor bildirib.

Konfrans çərçivəsində BSU-nun nəzdində Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə dövlət və elm xadimləri vurğulayıblar ki, bu Mərkəz Qərbi Azərbaycanla bağlı fundamental elmi araşdırmaların aparılması, tarixi və mədəni irsin qorunması istiqamətində mühüm platforma rolunu oynayacaq.





Elm