Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

post-img

Yanvar ayının 31-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "Kosmik plazma və heliogeofiziki problemlər" şöbəsinin kiçik elmi işçisi Nurlan Şərəfxanov "Kompüter simulyasiyasının astrofizikada tətbiqi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Astrofizikada kompüter simulyasiyaları, laboratoriyada müşahidəsi və təkrarlanması mümkün olmayan mürəkkəb kosmik hadisələri araşdırmaq üçün mühüm vasitə olduğunu bildirib. O, qeyd edib ki, bu texnologiya tədqiqatçılara qalaktikaların formalaşması və təkamülünü, qara dəliklərin birləşməsini, ifratyeni partlayışlarını və hətta kainatın genişmiqyaslı strukturunu daha dərindən anlamağa imkan verir. Məsələn, Illustris, EAGLE və FIRE kimi simulyasiyalar milyardlarla il ərzində qalaktikaların qaranlıq maddə, cazibə qüvvəsi və qaz dinamikasının təsiri altında necə formalaşdığını modelləşdirir. Eynşteyn tənliklərindən istifadə edən ümumi nisbilik əsaslı simulyasiyalar qara dəliklərin necə qarşılıqlı əlaqədə olduğunu, birləşdiyini və cazibə dalğaları yaratdığını vizuallaşdırmağa kömək edir. 

Eyni zamanda, kosmik strukturun formalaşmasını araşdıran genişmiqyaslı simulyasiyalar qaranlıq və barion maddənin qarşılıqlı təsirini göstərərək, kainatdakı böyük miqyaslı şəbəkənin necə inkişaf etdiyini açıqlayır. Bundan əlavə, planetlərin protoplanetar disklərdən necə əmələ gəldiyini və ekzoplanet atmosferlərinin təkamülünü öyrənmək üçün simulyasiya metodlarından geniş istifadə edilir.

Beləliklə, kompüter simulyasiyaları astrofizikada nəzəri və müşahidə məlumatlarını əlaqələndirən mühüm bir alət olaraq kainatın müxtəlif miqyaslı proseslərini anlamaqda əvəzsiz rol oynayır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elm