Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Aşqabadda “İpək Yollarının Ümumdünya İrsi Namizədliyi Prosesinə Dəstək” (III Mərhələ) UNESCO/Yaponiya İnamlı Fondlar layihəsi çərçivəsində İpək Yolu üzrə Üçüncü Subregional konfransda iştirak edib.
Bu barədə Beynəlxalq Türk Akademiyasından məlumat verilib.
Tədbirdə İpək Yolunun Xəzər-Volqa dəhlizinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına diqqət yetirilib.
Konfransda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan milli koordinatorlar və ekspertlər iştirak ediblər. Müzakirələr Xəzər-Volqa dəhlizinin UNESCO-nun İrs Siyahısına daxil edilməsinin əsaslandırılması, xəritələrin, atlasın hazırlanması, tarixi və mədəni obyektlərin inventarlaşdırılması və regionun sualtı irsinin öyrənilməsinə yönəlib.
Akademik Şahin Mustafayev çıxışında Xəzər-Volqa dəhlizinin qədim ticarət yollarının mərkəzi qovşağı kimi əhəmiyyətini vurğulayıb. O, bu layihənin bölgədə mədəni irsin qorunub saxlanmasına və turizmin dinamik inkişafına mühüm töhfə verdiyini vurğulayıb.