Suriya xalqı öz ölkəsinin gələcəyini yenidən formalaşdıracaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib.
Eyni zamanda o, “Suriya xalqının buna təkbaşına nail ola bilməyəcəyini, beynəlxalq ictimaiyyətin onlara dəstək verməli olduğunu” qeyd edib.
Diplomat Ankaranın Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə böyük önəm verdiyini vurğulayıb.
Fidan vurğulayıb ki, ölkəsini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq öz vətənlərinə qayıda bilər. Onun sözlərinə görə, Ankara Suriyadakı son hadisələr fonunda regionda və onun hüdudlarından kənarda bütün aktorları “ehtiyatlı və sakit” hərəkət etməyə çağırır: “Biz regionu daha dərin qeyri-sabitliyə aparmamalıyıq”.
O, həmçinin qeyd edib ki, “Suriya dövlət strukturları qorunmalı və müxalif qüvvələr dərhal birləşməlidir”.
P.ƏMİRCANOV
XQ