Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub

post-img

Pakistanın ORİC Tədqiqat İnnovasiya və Kommersiyalaşdırma Mərkəzinin Maliyyə departamentinin rəhbəri Omar Səid Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. O, həmçinin Pakistanın reytinqli təhsil müəssisəsi olan Faysalabad Universitetinin rəsmisidir.

Bu barədə  muzeydən məlumat verilib. Pakistanlı qonaq əvvəlcə muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb. O, COP29 tədbirlərində iştirak etdiyini və böyük təcrübə qazandığını söyləyib. Bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı dünya liderləri ilə görüş onda dərin təəssürat yaradıb. COP29 tədbirlərində tək iqlim və ekologiya sahəsində deyil, həm də insanların rifahı, gələcəyi haqqında müzakirələr aparılıb.

Muzey işinin təkmilləşdirilməsi, qurulması mövzusunda aparılan söhbət zamanı Omar Səid akademik Rafael Hüseynovun rəhbərliyi ilə yaradılmış muzeylər barədə məlumatlı olduğunu qeyd edib. Pakistan İslam Respublikasında muzey yaratmaq, bu təşəbbüsü akademik Rafael Hüseynovun təcrübəsindən faydalanaraq reallaşdırmaq məqsədilə fikir mübadiləsi aparıb.

Omar Səid Azərbaycanın zəngin tarixi keçmişini və mədəniyyətini yaşadan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanışlıqdan məmnun olduğunu bildirib.

Pakistanlı qonaq muzeyin rəylər və təəssüratlar kitabında Azərbaycana səfəri çərçivəsində Gəncə şəhərini və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyini qeyd edib. Azərbaycanlıların qonaqpərvərliyindən bəhs edən Omar Səid Bakının çox gözəl şəhər olduğunu bildirib.

Sonda akademik Rafael Hüseynov xatirə olaraq Omar Səidə müəllifi olduğu "Məkansız və zamansız", “Məhsəti Gəncəvi. Portret-oçerk” (urdu dilində) kitablarını və “Nizami muzeyinin xalçaları” adlı açıqca dəstini hədiyyə edib.



Elm