AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair, şərqşünas alim Hüseyn Kürdoğlunun 90 illiyinə həsr olunmuş “Silinməz sözdən izim” kitabının təqdimatı keçirilib.
Akademiyadan bildirilib ki, tədbiri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev açaraq Hüseyn Kürdoğlunun Azərbaycan ədəbiyyatı tarixində öz üslubu ilə seçildiyini söyləyib. Bildirib ki, Hüseyn Kürdoğlu Səməd Vurğun poeziya məktəbinin yetirməsidir. O, ömrünün sonunadək Ədəbiyyat İnstitutunda çalışıb.
Şairin əslən Laçın rayonunun Əhmədli kəndindən olduğunu söyləyən professor onun “Ağ bənövşə” şeirindən bir bənd səsləndirib. O, Hüseyn Kürdoğlunun bayatı janrına yeni nəfəs gətirdiyini vurğulayıb, şairin şerlərini əsasən Vətən, Qarabağ sevgisi, məhəbbət, təbiət və gözəlliyə vurğunluq ruhunda yazdığını bildirib.
Professor bildirib ki, təqdimatı keçirilən “Silinməz sözdən izim” kitabına şairin həyat və yaradıcılığı haqqında elmi-publisistik məqalələr və onunla bağlı xatirələr daxil edilib. Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıqda faydalı örnək” adlı ön söz yazıb.
Daha sonra ədəbiyyatşünas alim, professor Rafiq Yusifoğlu şairlə tanışlığından danışıb, 2014-cü ildə Hüseyn Kürdoğlu haqqında məqalə yazdığını söyləyib. Qeyd edib ki, Hüseyn Kürdoğlu yüzlərlə şeir, poema, qəzəl, qoşma, bayatı yazıb.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə çıxışında qeyd edib ki, Laçınsız, Şuşasız, Ağdamsız illərin ağrı-acısı ilə çoxsaylı bayatılar qələmə almış Hüseyn Kürdoğlunun ruhu doğma torpaqlarımız işğaldan azad edildiyi üçün şaddır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşılım, yaşılım, hara gedirsən?” adlı kitab nəşr etdirmək niyyətində olduqlarını söyləyən Rəşad Məcid kitaba Hüseyn Kürdoğlunun da təbiətlə bağlı şeirlərinin daxil ediləcəyini bildirib.
Digər çıxış edənlər görkəmli şairlə bağlı xatirələrini bölüşüblər.