Professor: Dərələyəz mahalında mövcud olmuş kəndlər əbədiyyət tariximizdir

post-img

Dərələyəz mahalında mövcud olmuş kəndlər – coğrafi adlarımız əbədiyyət tariximizdir. Dərələyəz toponimlərinin tarixi hüdudları türk xalqlarında çox genişdir və bunlara yalnız erməni dilində təsadüf edilmir. Toponimlərin tədqiqi üçün tǝxmini söyləmələr, yalnız üzdə olan elementlərin gücünə arxalanıb fərziyyələr şəklində fikirlər söyləmək türk-Azərbaycan toponimiyasına ciddi ziyan vurub və bundan sui-istifadə edən nankor və hiyləgər ermənilər çox şeyləri özününküləşdirməyə cəhd ediblər. Lakin indiki Ermənistanda türk-Azərbaycan toponimləri xalqımızın keçmişinin, kökünün, yaşayış tərzinin ən qədim cəhətlərini və onun mənəvi, mədəni dünyasını çox dəyərli bir şəkildə işıqlandırmağa minilliklər boyu xidmət göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və etnosid aktları” kitabında əksini tapıb.

Kitabda Qərbi Azərbaycanın (indiki Ermənistan) ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətləri araşdırılıb və ikiəsrlik zaman kəsiyində erməni faşistləri tərəfindən Dərələyəz mahalında xarabalığa çevrilmiş kənd adlarının tarixi - etimoloji təhlili əksini tapıb.

“Ön söz”də müəllif qeyd edir ki, Dərələyəz ərazisində Azərbaycan türk mənşəli toponimlər tarixin ən qədim çağlarında meydana gəlib və hər bir coğrafi adın ayrı-ayrılıqda linqvistik təhlili, onların qonşu və qohum xalqların dillərinə aid faktorlarla qarşılaşdırılması, araşdırılması Azərbaycan və türk etnik tarixi və coğrafiyasını, həmçinin tarixi, genetik, etnik əlaqələrin qaranlıq məsələlərinin işıqlandırılması işinə yaxından kömək göstərə bilər ki, tədqiqatda da məsələyə bu aspektdən yanaşılıb: “Qərbi Azərbaycan toponimlərini tədqiq edərkən tarixi-müqayisəli və qarşılaşdırma metodlarından yararlanmaqla əsrlər, minilliklər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan coğrafi adların tarixi-linqvistik təhlil yolu ilə bərpasına nail olmağa çalışmışıq. Toponimlərin antik dövrlərinin tədqiqi zamanı qarşımıza qoyduğumuz məqsəd təkcə müqayisəli-tarixi metoddan yararlanmaq deyil, həm də əsas problem kimi dilin müxtəlif səviyyələrində restavrasiya olunmuş formaları və bu formalar arasındakı qarşılıqlı əlaqələri düzgün müəyyənləşdirməkdən ibarətdir ki, təhlil prosesində bu cəhətlərə də xüsusi önəm verilib”.

Professor Mahirə Hüseynova vurğulayıb ki, Azərbaycanın qədim diyarı olan Qarabağı 30 il işğal altında saxlamış erməni vandalları bu yurd yerlərində bütün yaşayış məntəqələrini alt-üst edərək xarabalığa çevirib, meşələrimizi amansızcasına qırıb, bir sözlə, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib: “Bu vandalizm aktlarını Qarabağdan əvvəl Qərbi Azərbaycanda, o cümlədən Dərələyəz mahalında həyata keçirmiş erməni daşnak faşizmi tarixən mövcud olmuş faşizmlərin ən dəhşətli forması kimi təzahür etmişdir.

Azərbaycan, o sıradan onun qərb, şərq, cənub, şimal bölgələri çox qədim zamanlardan rəngarəng mədəniyyətlərin qarşılaşdığı böyük bir ərazini əhatə edən məkan olmuşdur. Bu ərazilər tarixən, daha dəqiqi şumer, hun, böyük türk mədəniyyətlərinin birləşdiyi yerlərdir. Şumer mədəniyyətinin qurucuları qədim türklərdir. Hun imperatorluğunun ilk yaradıcıları da türklər olmuşdur. Azərbaycan miladdan öncədən müxtəlif türkdilli etnosların məskunlaşdığı, qaynayıb-qarışdığı və oturaq həyat sürdüyü bir ölkə olmuşdur. Müxtəlif tarixi mənbələrdə türklərin Azərbaycana və onun qərb hissəsinə ilk dəfə miladdan öncə VII əsrdə sakların səfəri zamanı gəlib yerləşdikləri irəli sürülməklə bugünkü Ermənistanın başdan-başa Azərbaycan türk torpaqları olduğu təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Tarixi qaynaqlar birmənalı şəkildə onu da sübut etmişdir ki, Qərbi Azərbaycan asların, suvarların, bulqarların, peçeneqlərin, utilərin, xəzərlərin, kəngərlərin, qarqarların və başqalarının yaşadıqları, təşəkkül tapıb, formalaşdığı qədim bir yurd yeri olmuşdur. Bu etnos adlarının, demək olar ki, hamısı türk-Azərbaycan dilinin qrammatik quruluşu əsasında təşəkkül tapmışdır”.

Müəllif Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin türk-Azərbaycan etnoyaddaşının ən möhtəşəm abidəsi fonunda arxaik etnolingvistik mənzərəsinin hələ də kifayət qədər öyrənilmədiyini nəzərə alıb: “Bu ərazidə mövcud olmuş, qısa zaman kəsiyində erməni soyqırımına məruz qalmış Azərbaycan-türk coğrafi adlarının substrat nişanələrinin aşkar edilməsinə ciddi ehtiyac olduğunu nəzərə alıb onların hamısının Azərbaycan türklərinə məxsusluğunu müəyyənləşdirməyə nail oldum. Onu da qeyd edə bilərik ki, gün gələcək azərbaycanlıların lap qədim dövrlərdən bu yerlərin aparıcı etnosu olduğunu təsdiq edən toponimlər, hidronimlər, oronimlar, etnonilər və xalqımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələrin adları yenidən bərpa edilib öz tarixi haqqına qovuşacaqdır. O gün uzaqda deyil”.

Qeyd edək ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İbrahim Bayramov, rəyçilər filologiya elmləri doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənovadır. Müəllif kitabı filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Həsən Mirzəyevə və anası Nazlının əziz xatirəsinə ithaf edib.

Elm