AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

post-img

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Əbülfəz Quliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında sərəncamın əhəmiyyətindən danışıb, bildirib ki, bu təşəbbüs ölkədə müasir şəhərsalma siyasətinin inkişafı, memarlıq ənənələrinin qorunması və yeni yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. İnstitut direktoru sərəncamla əlaqədar elmi və mədəni tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə tədbirlər planının zəruriliyini diqqətə çatdırıb.

İclasda, həmçinin qarşıdan gələn konfranslar barədə məlumat verilib. Belə ki, görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyi, xalq şairi Səməd Vurğunun 120 illiyi və tanınmış ədəbiyyatşünas Əli Sultanlının 120 illiyi münasibətilə keçiriləcək elmi konfranslara hazırlıq işləri müzakirə olunub.

İclasın davamında institutun şöbə müdirləri rüblük elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat veriblər. Bildirilib ki, elmi fəaliyyət planına uyğun olaraq müxtəlif istiqamətlər üzrə araşdırmalar davam etdirilir, elmi nəticələrin nəşri və tətbiqi istiqamətində işlər aparılır. Eyni zamanda təcrübə rəhbərləri tələbələrlə aparılan nəzəri və tətbiqyönümlü fəaliyyətlər barədə məlumat verərək bu prosesin gənclərin elmi-tədqiqat bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

İclasda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxış edərək “Elmi əsərlər” jurnalının növbəti sayına məqalələrin hazırlanması və redaksiya prosesinin təşkili barədə məlumat verib.

Daha sonra elmi seminar keçirilib. Seminar Anarın 80 illiyi və onun yaradıcılığında milli-mənəvi dəyərlər mövzusuna həsr olunub. Seminarda AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Xalq yazıçısı Anarın publisistikasında milli-mənəvi dəyərlər” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Anar Azərbaycan ədəbiyyatında və mədəniyyətində çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli sənətkarlardandır. Onun yaradıcılığı əsasında 12 bədii və 16 sənədli film çəkilib.  Bildirilib ki, yazıçı həm də rejissor, ssenarist, sənətşünas, tərcüməçi və publisist kimi zəngin fəaliyyət göstərib.

Məruzədə Anarın milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü işlərə də toxunulub. Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən onun xidmətlərinə daim yüksək qiymət verilib və yazıçı müstəqil Azərbaycanın ən ali təltifləri – “İstiqlal” və “Heydar Əliyev” ordenləri ilə mükafatlandırılıb.

İclasın sonunda cari məsələlərə baxılıb, institutun gündəlik fəaliyyətinə dair müxtəlif təşkilati və elmi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Səbuhi HƏSƏNOV
XQ



Elm