Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, özünün ən yüksək səviyyəsinə qalxdığı vurğulanıb.
Söhbət zamanı parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb. Həmçinin, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib.
Görüşdə, həmçinin Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb.

