Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Erasmus+” proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq və təhsil mübadiləsi istiqamətinin genişləndirilməsində maraqlıdır. Bu proqramın başlıca əhəmiyyəti ondadır ki, universitetin müəllim heyəti və akademik mütəxəssislərin iştirakına imkan yaratmaqla təhsil prosesində perspektiv inkişafa güclü təkan verir.
Bu baxımdan “Erasmus+” proqramı çərçivəsində Türkiyənin Eskişehir Osmanqazi Universiteti Turizm İşletmeciliği fakültəsinin tədqiqatçısı Yunus Özhasarın turizm üzrə tədris təcrübəsini ATMU-da tələbələrilə bölüşməsi təsadüfi deyil. Y.Özhasar universitetin mövcud tədris proqramları üzrə dərs saatlarında tələbələrlə,eyni zamanda turizm sahəsinin ən aktual mövzularında fikir mübadiləsi də aparıb.
Qastronomiya və turizm sahəsində doktor dərəcəli Gizem Sultan Kaman isə ATMU-nun müvafiq ixtisas tələbələri qarşısında “Qastronomiya və turizmdə müasir yanaşmalar” mövzusunda çıxış edib. Növbəti “Türk mətbəxi” adlı mühazirə saatında isə o, müasir biliklərin tədrisi və təcrübə mərhələsində özünü doğruldan nəticələrə münasibət sərgiləyib.
ATMU “Erasmus+” proqramının üstünlükləridən faydalanmaqla tədrisin günün tələblərinə uyğun təşkilində rəqabətqabiliyyətli kadr hazırlığını, tələbə və müəllim heyətinin beynəlxalq akademik platformalarda iştirakını başlıca hədəf kimi dəyərləndirir.
Z.HÜSEYNOVA
XQ