Rumıniya hökumətinin Baş katibi: “ASAN Xidmət” modeli beynəlxalq səviyyədə tanınır

post-img

Rumıniyanın AGERPRES milli xəbər agentliyi, Rumıniya hökumətinin Baş katibi Mirçea Abrudean və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında Anlaşma Memorandumun imzalanmasından bəhs edən material yayımlayıb. AZƏRTAC-ın xəbərinə görə, məqalədə bildirilib ki, Rumıniya hökumətinin Baş katibi Mirçea Abrudean, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə dövlət sektorunun innovasiyaları sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalandığını elan edib. Baş katib bu tərəfdaşlığın Rumıniyada dövlət xidmətlərinin səmərəliliyini artırmaq və ölkəni qlobal səhnədə təqdim etmək üçün əhəmiyyətini vurğulayıb.

O, Azərbaycanın dövlət xidmətlərinin həyata keçirilməsindəki uğurlarını qeyd edərək, “ASAN Xidmət” modelinin beynəlxalq səviyyədə tanındığını bildirib. Bildirilib ki, bu əməkdaşlığın məqsədi, dövlət idarəçiliyində şəffaflıq və səmərəliliyi artırmaq, vətəndaşların ehtiyaclarına diqqət yetirməkdir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu tərəfdaşlığın qarşılıqlı faydalar gətirəcəyini və geniş təcrübə mübadiləsini mümkün edəcəyini vurğulayıb. Ü.Mehdiyev Rumıniya hökumətinə təşəkkür edərək, bu əməkdaşlıqdan yaranacaq uğurları gözlədiyini bildirib.

Qeyd edilib ki, bu Memorandum, ikitərəfli münasibətlərin güclənməsi və dövlət xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri 

Buxarest





Siyasət