Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən, Türkiyə Cümhuriyyətinin Afyon Kocatəpə Universitetinin rektoru, professor Mehmet Karakaşın rəhbərlik etdiyi nümayəndə heyəti 29 iyul tarixində LDU-da olub. Hörmətli qonaqları LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yeniləşmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.
Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında İkili əməkdaşlıq və Erasmus+müqaviləsi imzalanıb. Müqavilələrdə ikili əməkdaşlıqların gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, İkili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim heyətinin hərəkətliliyinin artırılması və s. məsələlər əksini tapıb.
Səmimilk şəraitində keçən görüşdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Türkiyəli qonaqlar Lənkəran Dövlət Universiteti ilə tanış olublar. Afyon Kocatəpə Universitetinin rektoru və onu səfərdə müşayət edən şəxslər Lənkəran Dövlət Universitetinin tədris korpusları, laboratoriyaları, Turizm tədris bazası, fənn kabinələri, tələbə yataqxanalarına baş çəkiblər. LDU ilə tanışlıq türkiyəli qonaqlarda xoş təəssürat yaradıb.
Xatırladaq ki, LDU-nun Beynəlxalq şöbəsinin Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva Afyon Kocatəpə Universitetində Erasmus+ Mübadiləsi üzrə keçirilən 10-cu Beynəlxalq Həftə Təlimi üçün Kadrlar Mübadiləsində iştirak edib və 10-14 iyun 2024-cü il tarixlərində keçirilən təlimlərdə LDU haqqında təqdimatla çıxış edib. Həmçinin, Erasmus+KA171 layihəsi çərçivəsində bağlanmış müqavilə əsasında LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kurs tələbələrinin bir qrupu 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdiriblər.
XQ