İsveçrə səfiri Azərbaycanda qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

post-img

İyulun 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüşüb.

Komitədən  verilən məlumata görə, görüşdə B.Muradova İsveçrə ilə ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib.

Dövlət Komitəsinin qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edən Bahar Muradova Qadın Resurs mərkəzlərinin fəaliyyətini yüksək qiymətlənirib. O, Resurs mərkəzlərinin fəaliyyətinin dayanıqlılığının təmin olunmasının əhəmiyyətini qeyd edərək, İsveçrənin bu layihələrdə iştirakının iki ölkə arasındakı əməkdaşlığın da inkişafına təkan verdiyini diqqətə çatdırıb. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə oxşar layihələrin davam etdirilməsi və qadınlarla müvafiq işin aparılmasının vacibliyi vurğulanıb.

Səfir Tomas Ştəli qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli şəkildə inkişaf edəcəyinə inamını bildirib. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı səylərin davam etdirilməsinin səfirliyin fəaliyyət istiqamətlərindən biri olduğunu bildirən, Dövlət Komitəsinin bu sahədə fəaliyyətini müsbət qiymətləndirən diplomat səfir deyib ki, onlar birgə əməkdaşlığa açıqdırlar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.

Sosial həyat