Volqoqradda qatar relsdən çıxıb

post-img

Volqoqrad vilayətində qatar vaqonunun relsdən çıxması nəticəsində biri uşaq olmaqla, beş zərərçəkən xəstəxanaya yerləşdirilib. Bu barədə iyulun 29-da “İzvestiya.ru” Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Qurbanların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hazırda biri uşaq olmaqla 5 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə idarədən bildirilib.

Hadisə yerində 22 təcili tibbi yardım briqadası işləyir, həkimlər zərərçəkənlərə lazımi köməklik göstərirlər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili tibbi yardım helikopteri hazır vəziyyətə gətirilib.

Həmin gün Volqoqrad vilayətində Kazan-Adler sərnişin qatarının səkkiz vaqonunun relsdən çıxması barədə məlumat yayılıb. “KamAZ” markalı yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxaraq qatarla toqquşub. Ərazidə dəmir yolu hərəkəti dayandırılıb. “112” Telegram kanalının məlumatına görə, 100-ə yaxın insan yaralanıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya