Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

post-img

Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Bu barədə “XQ”-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev medala layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Nazir ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində elm və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu, 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratdığını qeyd edib. Əmrullayev 2023-cü ilin “Heydər Əliyev İli” elan olduğu, bu çərçivədə ümummilli liderin 100 illiyinə həsr olunmuş çoxlu tədbirlər keçirildiyi barədə məlumat verib.

Daha sonra nazir layiq görülənlərə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını təqdim edib.

 Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Rizvan FİKRƏTOĞLU

XQ



Elm