“44 günlük savaşın 444 cəngavəri” kitabının təqdimatı keçirilib

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın ilk qadın hərbi müxbiri, Əməkdar jurnalist Əntiqə Qonağın xaçmazlı döyüşçülərə həsr olunmuş “44 günlük savaşın 444 cəngavəri” adlı üçcildlik kitabının təqdimatı keçirilib.

Tədbirə moderatorluq edən Əməkdar jurnalist Azər Həsrət kitab haqqında məlumat verib, üçcildliyin 2 kitabının ötən il, 3-cü kitabının isə bu il nəşr edildiyini bildirib.

Sonra çıxış edən MEK-in direktor müavini dosent Şəhla Tahirqızı bu kitabın təqdimatının Mərkəzi Elmi Kitabxanada keçirilməsini əhəmiyyətli hadisə kimi qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov kitab və onun müəllifi ilə bağlı fikirlərini söyləyib. Deputat, həmçinin Ulu Öndər Heydər Əliyevin torpaqların işğaldan azad edilməsi üçün atdığı addımlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərdən danışıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə çıxışında son illər vətənpərvərlik ruhunu ehtiva edən kitabların nəşr olunmasının sevindirici hal olduğunu qeyd edib. Deputat belə kitabların xarici dillərə də tərcümə edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Vətən müharibəsi qazisi, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov, Birinci Qarabağ savaşının qazisi Babək Qoca, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Milli Qəhrəman oğlu Emin Hüseynli, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və digərləri çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışıblar, müəllifə təşəkkürlərini bildiriblər.

Sonda Əntiqə Qonaq kitabın necə ərsəyə gəlməsi ilə bağlı məlumat verib. O, kitabda haqqında yazdığı Vətən müharibəsi iştirakçılarından bəhs edib. Müəllif çıxışının sonunda Bakıda ilk dəfə kitab təqdimatının keçirildiyini deyərək tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Elm