AMEA-da “Yeni tarixi dövr və milli ideya” mövzusunda növbəti müzakirə

post-img

Azərbaycan Milli Elmlər Akademiyasında “Yeni tarixi dövr və milli ideya” mövzusunda ikinci müzakirə keçirilib. Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli, AMEA elmi müəssisələrinin direktorları, Rəyasət Həyəti aparatının şöbə müdirləri və məsul əməkdaşları, humanitar və ictimai elmləri təmsil edən alimlər və gənc mütəxəssislər iştirak ediblər.

Akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi “Bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır”, - sözlərini xatırladıb və bundan irəli gələrək yanvar ayında bu istiqamətdə ilkin müzakirələrin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin müzakirələr zamanı humanitar və ictimai elmləri təmsil edən 16 nüfuzlu alim mövzu barədə fikirlərini bildirərək bu istiqamətində 37 təklif səsləndiriblər.

Akademik bildirib ki,  ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyasıdır və səsləndirilən təkliflərdə də gələcək milli ideyanın baza hissəsini bu ideologiya təşkil edir.

“Alimlərimiz tərəfindən ilkin müzakirələr zamanı güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış kimi milli ideya ola biləcək təkliflər səsləndirilib. Biz, həmçinin milli ideyanın nə demək olmasını müəyyənləşdirərkən onun ifadə formatını da tapmalıyıq. Yəni, qardaş Türkiyəyə münasibətdə Ulu Öndərin “Bir millət, iki dövlət” sözlərini, yaxud Vətən müharibəsində dövlət başçısının ümummilli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” nidasını qəbul etdiyimiz kimi, yeni milli ideyamız da müəyyən formata, modelə əsaslanmalıdır”, - deyə akademik söyləyib.

AMEA rəhbəri, o cümlədən Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlərin milli ideyamızın müəyyənləşdirilməsi üçün mühüm yol xəritəsi olduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, artıq akademiyada azərbaycançılıq və ümummili ideyalar əsasında metodoloji tədqiqatların aparılmasına başlanılıb. Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin dövrləşdirilməsi və inkişaf konsepsiyasının, eləcə də milli fəlsəfəmizin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmçinin bildirib ki, AMEA-da həyata keçirilən tədqiqatlar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və milli prioritetlərə əsaslanır.

İctimai müzakirələrdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, milli birlik, güclü, müasir, dünyəvi, demokratik dövlət quruculuğu məsələləri bizim milli ideyamızın əsasını təşkil etməlidir, biz dünyəviliyimizi qorumalıyıq.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında bildirib ki, milli ideyanın əsasını Azərbaycan cəmiyyətinin gələcəkdə nə arzuladığını müəyyən etmək təşkil edir və bu isə özlüyündə “milli arzu” anlayışını formalaşdırdığından sosioloji tədqiqatların aparılmasına ehtiyac yaranır.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə qeyd edib ki, Azərbaycançılıq ölkəmizin təməl ideologiyasıdır və milli birlik və həmrəyləyimizin təməlidir. Onun sözlərinə görə, milli ideya müəyyən dövr üçün zəruri şəraitdən yaranır və millətin arzusundan, istəyindən irəli gəlir. O qeyd edib ki, milli-mənəvi köklərimizə dayanaraq modernləşməli, elm və təhsili müasir səviyyəyə qaldırmalıyıq.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov bildirib ki, Azərbaycanda milli ideyanın tarixi və spesifikası dinamik xarakter daşıyıb və hər dövrdə fərqli olub. Alim vurğulayıb ki, güclü Azərbaycan ailəsi güclü dövlətin təməlləri təşkil edir və buna daim xüsusi diqqət yetirmək lazımdır.

İctimai müzakirələrdə akademiklər Möhsün Nağısoylu, Teymur Kərimli, Muxtar İmanov, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, tarix elmləri doktorları Eynulla Mədətli, Güllü Yoloğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov və başqaları çıxış edərək Azərbaycanın yeni tarixi dövr üçün yeni milli ideyası ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Qeyd olunub ki, yeni tarixi dövrdə milli ideya axtarışları sahəsində aparılan müzakirələr Akademiyada ictimai və humanitar elmlərin inkişafına təkan verib, geniş meydan açıb.

Müzakirələrin davam etdirilməsi qərara alınıb.

Anar ƏLİ

XQ

Elm