“Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşri təqdim olunub

post-img

Bu gün Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Maykl Reynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

XQ xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, almaniyalı alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Mir Cəlalın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlərdən, onun ədəbi-ictimai fəaliyyətindən söhbət açıb. Ədibin əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını bildirib. Onun sözlərinə görə, Azad Berlin Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.

Diqqətə çatdırılıb ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib.

Şərqşünas-alim Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alimi sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Mir Cəlalın bir alim, bir nasir kimi yorulmaz fəaliyyətindən söhbət açıb. Onun bir alim kimi yetişdirdiyi çoxsaylı ədəbiyyatşünasların bu gün Azərbaycan elminin inkişafı naminə gördükləri işlərdən danışıb. AMEA-nın prezidenti Mir Cəlal yaradıcılığının bənzərsizliyindən, onun alim, müəllim və yazıçı kimi gördüyü işlərdən söhbət açıb.

ADA Universitetinin rektoru Hafiz Paşayevin atası haqqıda xatirələri maraqla qarşılanıb. O, eyni zamanda yazıçıya verilən yüksək qiymətə görə təşkilatçılara və çıxışçılara təşəkkürünü bildirib.  

Anar TURAN,

“XQ”



Elm