AMEA-da Nurəngiz Günün 85 illik yubileyi qeyd olunub

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin şairə həsr etdiyi “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da olub.

Mərasimdə elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və dəyərli insan kimi xarakterizə edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatının görkəmli sənətkar, şairə Nurəngiz Günün 85 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabında şairənin yaradıcılığı bütün istiqamətlər üzrə dərindən təhlil olunub, elmi təhlillər aparılıb. 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Şairə Nurəngiz Gün haqqında söz” mövzusunda məruzəsini təqdim edib. Ədibin 85 illiyi münasibətilə “Nurəngiz Günün güney poeziyası” adlı məqalə yazdığını deyən akademik Teymur Kərimli şairənin poeziyasının bəşəri problemlərin işığında qlobal mahiyyət daşıdığını, Vətən sevgisi, torpaq aşıqliyi, el vurğunluğu kimi məsələlərin onun yaradıcılığında prioritet təşkil etdiyini bildirib. 

“Nurəngiz Gün poeziyasının işığında” adlı məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili akademik Nizami Cəfərov ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb. O, Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, düşüncələri, ideyaları və şeirləri ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb.

Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Nurəngiz Gün sənətinin özəllikləri” məruzə ilə çıxış edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının ərsəyə gəlməsindən və hazırlanmasından söz açıb, ədibin sənət yolunun özəlliklərinə toxunub.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Esmira Fuadın “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıq”larla poetik üzləşmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin “Nurəngiz Günün poetik yaradıcılığı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Nurəngiz Gün poeziyasında insan-cəmiyyət və insan-təbiət münasibətlərində harmoniya axtarışı” adlı məruzələri dinlənilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud və digərləri çıxış edərək Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən danışıb, ona olan böyük sevgi və ehtiramdan bəhs ediblər.

Sonda çıxış edən şairənin qızı, Milli Məclisin deputatı, filologiya elmləri doktoru  Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün tədbirin təşkilatçılarına və AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

Rizvan FİKRƏTOĞLU

XQ





Elm