Rusiyalı politoloq: Vaşinqton Bakını İrəvanla danışıqları sürətləndirməyə məcbur edə bilməz

post-img

Birləşmiş Ştatlar prosesin onun təsiri altında olmasını istəyir, lakin Azərbaycanla bağlı danışıqları sürətləndirəcək aktiv addımlar, mexanizmlər yoxdur. ABŞ danışıqların birbaşa formatda davam etdirilməsinin əleyhinə görünmür.

Bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Areşev ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun İrəvana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya da passiv mövqe tutur və regionda tərəflərin birbaşa formatda dialoq aparmasına qarşı deyil. O, bütün bunların səbəbi kimi Cənubi Qafqazda formalaşmış qüvvələr balansını göstərir.

“Baş verənlər İrəvanın maraqlarına uyğun deyil, belə bir vəziyyətin yaranmasına İrəvanın töhfəsi olub. İrəvan Bakını Qərbin təkliflərini rədd etməkdə ittiham edir, lakin Moskvanın Rusiyada görüşlə bağlı heç bir təklifində maraqlı deyil. ABŞ nümayəndəsinin yalnız İrəvana səfəri o deməkdir ki, çox güman, yaxın gələcəkdə Vaşinqtonda üçtərəfli nazirlər görüşünü gözləməyə dəyməz. Təbii ki, Blinken səviyyəsində təşəbbüs olsa, İrəvana və Bakıya birbaşa zənglər olsa, bəlkə də vəziyyət dəyişə bilər, lakin hazırda Azərbaycan tərəfi müqavilənin vasitəçisiz imzalanması üçün son, əlverişli şərtləri irəli sürməyə çalışır” – deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət