“Diplomatik Masa” simulyasiya layihəsinin yekun hesabat toplantısı keçirildi

post-img

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə həyata keçirilən “Diplomatik Masa” simulyasiya layihəsinin yekun hesabat tədbiri keçirildi. 

Tədbirdə Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Jalə Əhmədova, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, universitetin akademik və inzibati heyət üzvləri, layihənin  iştirakçıları, ekspertləri və valideynlər iştirak etdilər. 

Azərbaycanın Dövlət Himni səsləndirildi, iştirakçılar Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə etdilər. 

Siyasi və ictimai elmlər kafedrasının müəllimi və simulyasiyaların moderatoru Rafiq İbrahimov “Diplomatik Masa” layihəsi haqqında məlumat verərək qeyd etdi ki, layihə tələbələrin debat, faktlardan istifadə, arqument irəli sürmə və qarşı tərəfi təkzib etmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. 

Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxışında simulyasiya xarakterli dərs və tədbirlərin tədris prosesindəki əhəmiyyətini vurğuladı, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya təşəkkür etdi. Bildirdi ki, günümüzdə tələbələrə ənənəvi və nəzəri biliklərlə yanaşı, yeni və təcrübi vərdişlərin aşılanması böyük əhəmiyyət kəsb edir. “Diplomatik Masa” iştirakçılarının əksəriyəti I kurs tələbələri arasından seçilib və müzakirə mövzularının aktuallığına xüsusi diqqət yetirilib. Elvin Talışinski qeyd etdi ki, növbəti semestrdə “Diplomatik Masa” simulyasiya çempionatı keçiriləcək. 

Milli Məclisin deputatı Jalə Əhmədova layihənin aktuallığı ilə bağlı fikirlərini çatdırdı, simulyasiya müzakirələrinin əhəmiyyətli bir boşluğu doldurduğunu vurğuladı. Hikmət Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diplomatik məharətinə toxunaraq müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə diplomatik bilik və bacarıqların aşılanmasının əhəmiyyətindən bəhs etdi. Millət vəkilləri Azərbaycanın diplomatiya sahəsindəki uğurlarının bundan sonra da dayanıqlı olacağını əminliklə qeyd etdilər. 

Rektorun müşaviri Nüşabə Quliyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, layihə iştirakçıları Rəhim Bayramov (Politologiya, II kurs) və Bəsti Ağalıyeva (Dövlət və ictimai münasibətlər, I kurs), valideyn və Azərbaycan Universitetinin məzunu Mehman İsmayılov (Hüquqşünaslıq, 2005), layihənin ekspertləri Kamran Behbudov və Rauf Səmədov da çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşdülər. 

Tədbirdə simulyasiya layihəsində iştirak edən tələbələr və müzakirə olunan mövzular haqqında videoçarx nümayiş olundu, iştirakçılara sertifikat və döş nişanları təqdim olundu. 

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin payız semestrində start verilən layihədə Azərbaycan-Rusiya, Azərbaycan-Fransa, Türkiyə-İsrail, Rusiya-Ukrayna və Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Simulyasiyalarda “Beynəlxalq münasibətlər”, “Politologiya”, “Dövlət və ictimai münasibətlər”, “Tarix” ixtisaslarında təhsil olan 48 tələbə (8 komanda və hər komandada 6 nəfər olmaqla) iştirak edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ









Elm