Səmərqənddə Türk dünyası elmi-tədqiqat institutları və arxeologiya mərkəzləri Assosiasiyası yaradılıb

post-img

     Astanadakı Türk Akademiyası Türk Dövlətləri Təşkilatı katibliyinin dəstəyi ilə Qədim Səmərqənd şəhərində Türk dünyası institutları və mərkəzləri rəhbərlərinin birinci işçi görüşünü təşkil edib. 

     Tədbirdə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya Federasiyasının Tatarıstan Respublikasının elmi institutları və arxeoloji tədqiqatlar mərkəzlərinin rəhbərləri, habelə aparıcı arxeoloqlar və bu sahənin ekspertləri iştirak edib. 

     Görüşdə Türk dünyası elmi-tədqiqat institutları və arxeologiya mərkəzləri  əməkdaşlığın mümkün istiqamətləri barədə müzakirələr aparıblar. 

     Şahin Mustafayev Türk dünyası elmi-tədqiqat institutları və arxeologiya mərkəzləri Assosiasiyasının yaradılmasının vacibliyi, qurumun məqsəd və vəzifələri haqqında məlumat verib. O qeyd edib ki, Türk dünyası arasında inteqrasiya proseslərinin hərtərəfli inkişafı çərçivəsində arxeoloji tədqiqatları əlaqələndirmək, mövcud problemləri birgə həll etmək məqsədi ilə Türk dünyası arxeologiya institutlarını və mərkəzlərini birləşdirən struklturun yaradılması vacibdir. 

     Tədbir iştirakçıları qeyd ediblər ki, yeni qurum fəal qarşılıqlı fəaliyyət, informasiya və təcrübə mübadiləsi, birgə elmi tədqiqatların aparılması üçün platformaya çevrilməlidir. 

     Görüşdə iştirak edən elmi təşkilatların rəhbərləri və ekspertlər “Türk dünyası elmi-tədqiqat institutları və arxeologiya mərkəzləri Assosiasiyası”nın yaradılması ilə bağlı Protokol imzalayıblar. 

     Tədbirdə Tatarıstan Elmlər Akademiyasının hazırladığı “Volqa-Ural regionunun arxeologiyası” yeddi cildlik nəşrinin təqdimat mərasimi də keçirilib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Səmərqənd       

 





Elm