Madriddə “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” forumu keçirilib

post-img

İspaniyanın paytaxtı Madrid şəhərində ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub. 

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Avropa Birliyində fəaliyyət göstərən diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün vacibliyinə diqqət çəkib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov məsələnin siyasi tərəfinə diqqət çəkərək dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində aciz qaldığını vurğulayıb. Səfir yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpa olunmasında beynəlxalq qurumların fəaliyyətsiz qaldığını vurğualayıb.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizləməyin mümkün olmadığını, həqiqətin gec-tez üzə çıxacağını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib.

Tanınmış fotoqraf, Azərbaycan həqiqətlərinin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatla qatılıb.

Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. 

Belə ki, Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğunda baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub. 

Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.

Anar TURAN,

XQ







Elm