Zədələnmiş pulları harada və hansı halda dəyişmək olar?

post-img

Çox vaxt zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir. Bu da pulun ya zədəli, ya da saxta olduğu arqumentini ortaya çıxarır. Zədəli olduğu təqdirdə isə nağd alış-verişlərdə bu əskinazlardan istifadə edirik. Ancaq əskinas istifadəyə yararlı olmadığı təqdirdə nə edəcəyimizi bilmirik. Təəssüf ki, vətəndaşlarımızın bir çoxunun “Mərkəzi Bank”da fəaliyyət göstərən nağd pul ofislərindən xəbərləri yoxdur. 

Bəs zədələnmiş əskinaslar hansı halda qəbul edilir? Köhnə, dövriyyədən çıxarılan pulları da dəyişmək mümkündürmü?

Mövzu ilə bağlı XQ-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, zədələnmiş pulların yenilənməsi üçün lazım olan tələblər pozulmadıqda onları dəyişmək olar. “Bu tələblərdən biri pulun səthinin 60 faizinin sağlam olması, eyni zamanda, üzərindəki seriyalardan birinin oxunmasıdır. Bu zaman Mərkəzi Bank tərəfindən pullar dəyişdirilir. 

Sual yarana bilər: 60 faiz nəyə əsasən hesablablanır? 200 damadan ibarət bir ölçü vahidi var ki, o vasitə ilə pulun neçə faizinin olmasının hesablanması mümkündür.  Mərkəzi Bankın nağd ofisləri var ki, burada dəyişmək mümkündür. Həmçinin bölgələrdə də bu ofislər fəaliyyət göstərir.

Digər kommersiya banklarına gəldikdə isə bunu dəyişə də, dəyişməyə də bilər. Çünki kommersiya banklarının belə bir öhdəliyi yoxdur. 

Bir məqamı da qeyd etmək istəyirəm ki, 60 faiz ilə hesablanmasının səbəbi əgər 50, 40 və daha aşağı rəqəmlərdə olarsa, o zaman müştəri qalan parça ilə ikinci dəfə eyni məbləği ala bilər. Ona görə də 60 faiz ilə verildikdə, avtomatik olaraq 40 faizi istifadəyə yararsız olur.

Köhnə pulları da müraciət əsasında dəyişdirmək mümkündür. Ümumiyyətlə, pullar dövriyyədən tədricən, müəyyən zamanla çıxarılır. Və yaxud son dəyişdirmə tarixi qoyulur ki, bu tarixədək dəyişmək mümkün olsun”.

Şahanə Xankişiyeva



Sosial həyat