Türk Dil Qurumu Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlərini təqdim edib

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxansına (MEK) Türk Dil Qurumu tərəfindən nəşr olunan Cengiz Alyılmazın “Bilgə Tonyukukun kitabələri”, Ahmet Bican Ercilasun və Ziyat Akkoyunlunun müəllifi olduqları “Mahmud Kaşğari: Divanü lüğat-it-türk” və “Azərbaycan türkcəsinin lüğəti: Müqayisəli sözlər” adlı kitablar daxil olub. Məlumatı MEK verib. 

“Bilgə Tonyukukun kitabələri”ndə VIII əsrdə Orxon çayı vadisində yazılmış Tonyukuk kitabələrindən bəhs edilir.

Dünya dilçilik elminin incilərindən sayılan, türk dünyasının ilk ensiklopedik əsəri, böyük türk alimi Mahmud Kaşğarinin türkcə-ərəbcə yazılan "Divanü Lüğat-it-Türk" əsərinin əlyazmasının təsvirinin yer aldığı eyniadlı kitab isə tədqiqatçıların etibarlı qaynaq kimi müraciət edə biləcəyi qiymətli bir topludur.

“Azərbaycan türkcəsinin lüğəti: Müqayisəli sözlər” adlı 3 cildlik lüğətdə isə sözlər Azərbaycan əlifbasına uyğun şəkildə sıralanıb, şəkilçilərin hansı dilə mənsub olduğu, mənşəyi və s. qeyd edilib.

Təqdiqatçı alimlər, tələbələr, magistrantlar, çoxsaylı oxucu kütləsi üçün nəzərdə tutulan bu qiymətli nəşrlərlə MEK-in fondlarında tanış olmaq olar.

Anar ƏLİ,

XQ

Elm