Xırdalanda KOBİA-nın dəstəyi ilə yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

post-img

Xidmət sektorunda yeni sahibkarlıq subyektlərinin yaradılması üçün KOBİA potensial sahibkarlara məsləhət, təlim, biznes planın hazırlanması, hüquqi yardım, maliyyə resurslarına çıxış kimi istiqamətlərdə dəstəyini davam etdirir.  

Xırdalan şəhərində yeni məktəbəqədər təhsil müəssisəsi - “Laləli bağça” MMC fəaliyyətə başlayıb. Müəssisədə azyaşlı uşaqların inkişafı üçün məktəbəqədər hazırlıq üzrə bir sıra xidmətlər göstərilir. 

“Laləli bağça”nın açılmasına dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, uşaq bağçasının açılması üçün sahibkara biznes fəaliyyətinə dair məsləhət, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, müvafiq lisenziyanın alınması, sahibkara məxsus yaşayış obyektinin qeyri-yaşayış obyektinə çevrilməsi, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə dəstək göstərilib. 

50 yerlik uşaq bağçasının yaradılmasına sahibkar tərəfindən 150 min manat həcmində investisiya qoyulub. Uşaq bağçasında 14 nəfər işlə təmin edilib. 

Fəaliyyətini genişləndirməsi üçün KOBİA tərəfindən sahibkara dəstək davam etdiriləcəkdir.

Qeyd edək ki, KOBİA biznesə başlamaq istəyənlərə və sahibkarlıq fəaliyyətini genişləndirməkdə maraqlı olan biznes subyektlərinə bir sıra dəstək və xidmətlər göstərir. Bu platforma KOB-ların fəaliyyətə başlaması və inkişafı üçün zəruri olan məsləhət, təlim, biznes planın hazırlanması, maliyyəyə və bazarlara çıxışın genişləndirilməsi, hüquqi yardım və maraqların müdafiəsi, KOB-lara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması kimi çoxşaxəli dəstək və xidmətləri əhatə edir. Biznesini qurmaq və ya genişləndirmək istəyən sahibkarlıq subyektləri dəstək üçün KOBİA-ya müraciət edə bilərlər. 

Anar ƏLİ,

XQ

Elm