Aqrar və biologiya elmlərinin unudulmaz himayədarı

post-img

Azərbaycanın biologiya və aqrar elmlərinin inkişafı və nailiyyətləri ilə yaxından tanış olan hər bir şəxsə məlumdur ki, bütün bunların arxasında əldə etdiyi nəzəri və tətbiqi elmi nəticələri sayəsində dünyanın tanınmış elm korifeyləri ilə bir sırada dayanan görkəmli alim, akademik Cəlal Əliyev şəxsiyyəti durur. 

Azərbaycanda biologiya və aq­rar elmlərinə aid olan bütün sahələrin is­tiqamətləndirilməsində, müvafiq tədqiqat-lara müasir elm sahələrinin, o cümlədən, biotex­nologiya və informasiya texnologiyalarının cəlb olunmasında və bu günə kimi əldə olunmuş na­iliyyətlərdə müstəsna rol dünya şöhrətli alim, elm fədaisi akademik Cəlal Əliyevə məxsus olmuşdur. Bu nəhəng elm patriarxının yaradıcılığı Azərbay­canda aqrar və biologiya elmlərinin inkişaf tarixi­nin zirvəsidir.

1970-ci illərdən başlayaraq akademik C.Əliyevin bilavasitə rəhbərliyi və yaxından kömə­yi sayəsində Azərbaycanda həyata keçirilən “yaşıl inqilab” dalğası region ölkələrini də əhatə etmiş­dir. Hətta “Qaraqılçıq-2”, “Mirbəşir-50”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”, “Əlincə-84”, “Ruzi-84” və başqa buğda sortları Özbəkistan, Türkmənistan, Gürcüstan və s. respublikalarda tətbiq olunmuş və hər hektardan 60-95 sentner məhsul götürülməsini təmin etmişdir. Bu sahədə akademikin CIMMYT və ICARDA ilə birgə apardı­ğı tədqiqatlar xüsusi diqqətə layiqdir.

Cəlal müəllimin yaratdığı sortların kənd təsər­rüfatında tətbiqi onların diversifikasiyasına, əhali, fermerlər və kənd təsərrüfatı müəssisələri tərə­findən becərilən bitkilərin və onların sortlarının qorunmasına və müxtəlifliyinin artırılmasına ən böyük dəstəkdir. 

Onun bitki genetik ehtiyatlarının milli və dün­ya genefondunun səmərəli istifadəsi sahəsində apardığı genişmiqyaslı fundamental tədqiqatları milli genefondun zənginləşdirilməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsi və xalqın rifah ha­lının yüksəldilməsi ilə davamlı inkişafa nail olun­masında, eləcə də bioloji ehtiyatların etibarlı mü­hafizə edilməsində əvəzsiz rol oynamışdır. 

Cəlal Əliyevin seleksiya proqramı da çox­cəhətli və hərtərəfli idi. Bu proqram daim fəaliy­yətdə və inkişafda olan, təkrarolunmaz, hissələri bir-birini tamamlayan, dayandırılması və ya zəif­lədilməsi mümkün olmayan bir mexanizm, bir sis­tem xarakteri daşıyırdı.

Lakin 80-ci illərin sonu, 90-cı illərin əvvəllə­rində Qarabağ müharibəsinin və keçid dövrünün yaratdığı problemlər, Sovetlər Birliyinin dağılması nəticəsində elmi əlaqələrin zəifləməsi, akademik Cəlal Əliyevə və yetirmələrinə olan yersiz təz­yiqlər biomüxtəlifliyin mühafizəsi və səmərəli is­tifadəsi ilə bağlı tədqiqatlara da öz mənfi təsirini göstərdi. Uzun illər ərzində yaradılmış maddi-tex­niki bazanın dağıdılması, əvəzində heç bir yeni avadanlığın alınmaması, material ehtiyatlarından səmərəsiz istifadə həmin dövrdə tədqiqat siste­mində tənəzzülün yaranmasına gətirib çıxardı.

Məhz bu mürəkkəb illərdə akademik Cəlal Əli­yev hər cür təqib və təzyiqlərə rəğmən, seleksiya proqramını həyata keçirmək üçün alim kollektivi­ni öz ətrafında sıx birləşdirərək ruhdan düşməyə qoymamışdır. Çətinliklərə baxmayaraq, həmin illər milli genefondun istifadəsi ilə aparılan se­leksiya işləri nəticəsində yüksək məhsuldar "Qa­raqılçıq-2", "Mirbəşir-50", "Tərtər" və "Vüqar" bərk buğda sortları yaradılmış və rayonlaşdırılmışdı.

Ölkənin ağır günündə xalqın tələbi ilə ulu ön­dər Heydər Əliyev respublika rəhbərliyinə qayıt­dıqdan sonra Azərbaycanın dirçəlməsi dövrü baş­landı. 1990-cı illərin ikinci yarısında elmə qoyulan tələblər dəyişilməkdə idi. Ulu öndərin tam gücü ilə vüsət almış torpaq islahatları bazar münasibətlə­rinə keçidi dönməz prosesə çevirdi. Elmin obyekti dəyişdi, eyni zamanda, problemin aşkarlanması və onun həllinə yeni təfəkkürlə yanaşılması tələb olundu. 

Cəlal müəllimin məsləhətləri əsasında 2007-2011-ci illərdə həyata keçirilmiş aqrar Tədqiqat Sisteminin modernləşdirilməsi proqramı çərçi­vəsində kənd təsərrüfatında məhsuldarlığın və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün fermerlərin tətbiqi texnologiyalara və yeni sort­ların toxumlarına çıxış imkanlarını gücləndirmək mümkün oldu. 2007-ci ildən sonra Elmi-Tədqiqat Əkinçilik İnstitutunda yaradılan on yeni sort (6 yumşaq buğda, 1 bərk buğda, 1 arpa, qarğıda­lı, 1 mərcimək və 1 yerfındığı sortu) Seleksiya Nailiyyətlərin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında rəsmi qeydiyyatdan keçərək ra­yonlaşdırıldı. Fermerlər tərəfindən əvvəllər ge­niş sahələrdə əkilən sortlar 2010-cu ildən yeni sortlarla sürətlə əvəzlənməyə başlandı. Bunlara akademik Cəlal Əliyevin rəhbərliyi ilə yaradılmış və qeydiyyatdan keçmiş “Qobustan”, “Tale-38”, “Əzəmətli 95”, “Ruzi 84”, “Aran”, “Qırmızı gül”, “Zirvə-85”, “Qızıl” buğda sortları daxildir. Qeyd edilən sortlar bölgə təcrübə stansiyalarında və bir çox fermer təsərrüfatlarında hər hektardan orta hesabla 5 tondan artıq məhsul verirdi.

“2008-2015-ci illərdə Azərbaycan Respub­likasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın əsas hə­dəf göstəricilərində ölkə üzrə dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı hek­tardan 3,2 tona, ümumi istehsalı 2,8 milyon tona çatdırmaq nəzərdə tutulurdu. Bu məqsədlə yeni məhsuldar sortların yaradılması, sınaqdan keçiril­məsi və rayonlaşdırılması, həmçinin yeni istehsal texnologiyalarının tətbiqinə xüsusi önəm verilirdi. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə xarici ölkələ­rin alimləri, FAO-nun və İCARDA-nın dəstəyi ilə ilk dəfə olaraq ölkədə bir ildə 2 dəfə məhsul alın­ması texnologiyası tətbiq edilmiş, minlərlə fermer bu texnologiyalar barədə məlumatlandırılmışdı.

Yarım əsrdən çox bir müddətdə akademik bit­kilərin genetik müxtəlifliyinin keşiyində olmuşdur. Cəlal Əliyevin təşəbbüsü ilə Bioloji Müxtəlifliyə dair Beynəlxalq Konvensiya Azərbaycan Respub­likasının Milli Məclisi tərəfindən 2000-ci ildə ratifi­kasiya olunmuşdur. 

1995-ci ildə akademik C.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə respublikanın müstəqil­likdən sonrakı vəziyyəti əks etdirmək üçün bitki genetik ehtiyatlarının ətraflı təhlili əsasında I ölkə məruzəsi hazırlanmış, FAO-ya təqdim edilərək beynəlxalq ekspertlər tərəfindən təhlillərin dərinli­yi və irəli sürülən müddəaların istifadəsi baxımın­dan çox yüksək qiymətləndirilmişdir. Onun Milli Proqramın hazırlanmasında və ölkədə BGE üzrə strateji xəttin müəyyənləşdirilməsində göstərdiyi iradə və elmi uzaqgörənlik sonrakı on il ərzində öz bəhrəsini vermiş, genetik ehtiyatların toplanması, artırılması və saxlanılması sahəsində böyük işlər görülmüşdür. Bütün bu işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və Azərbay­can FAO-ya qəbul olunmuşdur. 

Genetik ehtiyatlarla bağlı kompleks tədbirlərin reallaşdırılmasını təmin etmək məqsədilə ümum­milli lider Heydər Əliyev 21 dekabr 2001-ci il 848 saylı Sərəncamla Dövlət Komissiyası yaratmışdır. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə 2004-cü ildə Biomüxtəlifliyə dair I ölkə məruzəsi, Bioloji Müxtəlifliyin Mühafizəsi və Səmərəli İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlan­mış, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmişdir. 

Təbiətcə böyük islahatçı, novator alim və təşkilatçı olan Cəlal müəllim genetik ehtiyatlarla bağlı hərtərəfli elmi fəaliyyətləri və koordinasiya işlərini gücləndirməyi, Azərbaycanda ilk dəfə ola­raq genetik bank yaratmağı, genetik ehtiyatların toplanması, inventarlaşdırılması, mühafizəsi və səmərəli istifadəsinin elmi əsaslarının hazırlan­masını və tətbiqini həyata keçirməyi qarşıya bir məqsəd kimi qoymuşdu. Məhz akademik Cəlal Əliyevin təşəbbüsü və uzaqgörənliyi sayəsində 2003-cü ildə AMEA Genetika və Seleksiya İnsti­tutunun bazasında bu məqsədlərin həyata keçiril­məsində həlledici rol oynaya biləcək bir mərkəz – Genetik Ehtiyatlar İnstitutu və daha sonralar onun strukturunda Milli Genbank yaradılmışdır. 

Əlamətdar haldır ki, Cəlal müəllimin neçə il­lərdən bəri uğrunda çalışdığı və istiqamətverici tövsiyələri nəzərə alınmaqla hazırlanmış “Mədə­ni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanun 2011-ci ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.

Cəlal müəllimin çox böyük önəm verdiyi ən vacib məsələlərdən biri yüksək ixtisaslı kadrların hazırlanması idi. Multidissiplinar istiqamətdə in­novativ tədqiqatların aparılması məqsədilə 70-ci illərdən başlayaraq müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, aqronomiya və b. üzrə ali məktəb məzunlarından ibarət elmi kollektivin ha­zırlanmasına başlanmışdır.

Cəlal Əliyevin elmi və ictimai xidmətləri qə­dirbilən Azərbaycan xalqı və dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. Elmin inkişafında böyük xidmətlərinə görə o, Azərbaycanın Əmək­dar elm xadimi adını almış, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni (1972, 1986), Azərbaycan Res­publikasının ali mükafatı – “İstiqlal” ordeni (2003), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2008) və Azərbaycan Respublikasının “Şərəf” ordeni (2013) ilə təltif olunmuşdur.

Görkəmli ictimai xadim dörd çağırış (1995, 2000, 2005, 2010) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Akademik Cəlal Əliyev Rusiya Kənd Təsər­rüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmləri Akademiyasının, Belarus Respub­likası Aqrar Elmləri Akademiyasının (1996) xarici üzvü; Bitkilərin Molekulyar Biologiyası Beynəlxalq Cəmiyyətinin (1994); Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə stresi üzrə Beynəlxalq Cəmiyyətin (1998) üzvü idi. Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Rə­yasət Heyətinin üzvü; UNESCO yanında bioetika, elm və texnologiyanın etikası üzrə Milli Komitənin rəhbəri (1999); Yeni Bitki Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin (UPOV) səlahiyyətli nümayəndəsi (2004); Azərbaycan Biokimyaçı­lar və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri (1999); Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunun (BEYSİF) prezidenti (1994) idi. 

Akademik Cəlal Əliyev biologiya və aqrar elmləri sahəsində elə başlanğıclara imza atmış­dır ki, onların davamlı olduğu göz qabağındadır. Görkəmli alim və müəllim tərəfindən qoyulmuş bu irs bizim üçün ən böyük töhfədir və indi də inamla davam etdirilir. 

 

Zeynal ƏKPƏROV,
AR ETN Genetik Ehtiyatlar Institutunun baş direktoru,
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi

Elm