Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami muzeyinə hədiyyə edilib

post-img

Türkiyə Cümhuriyyətinin Bakıdakı mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və Din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Məlumatı AMEA yayıb.

Qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edən ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva onlara Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif inkişaf dövrlərinə aid məlumatlar verib, maddi mədəniyyət nümunələrini, o cümlədən əlyazmaları, klassik əsərlərə həsr edilərək toxunmuş süjetli xalçaları, müxtəlif dövrlərdə yazılmış əsərlərə çəkilmiş tablo və illustrasiyaları diqqətə çatdırıb.

Vitrinlərdə mühafizə edilən şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlərin müxtəlif nəşrlərini və onlar barəsində olan tədqiqatları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşüblər.

Qonağın rəy kitabında da qeyd etdiyi kimi, “diqqət və qayğı ilə mühafizə edilən möhtəşəm əsərlərin sırasına” Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki Əlyazma Əsərləri qurumu tərəfindən hazırlanaraq muzeyə hədiyyə edilmiş Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi” də daxil edilib. 

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm