20 nömrəli məktəb-liseydə Heydər Əliyevin 100 illik yubileyi keçirilib

post-img

Bakı şəhərindəki 20 nömrəli məktəb-liseydə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ürəklərə iz salan insan” adlı tədbir keçirilib. 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili İlham Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, şəhidlərin ailə üzvləri və qazilər, “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal RİH-in əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə məktəbin həyətində hərbi orkestrın ifasında Dövlət Himni səsləndirilib və şagirdlərin iştirakı ilə fləşmob nümayiş olunub. Daha sonra şagirdlər Heydər Əliyev adına muzeydə dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirləri səsləndiriblər.

Tədbir ulu öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”



Elm