Bir qədər əvvəl başa çatmış 29-cu iqlim sessiyasının əsas məqsədi qlobal istiləşmənin qarşısının alınması, ekosistemin balansının qorunması istiqamətində növbəti tədbirlərin müəyyənləşdirilməsi idi. Bu hədəfi gerçəkləşdirmək üçün neytral iqlim, resurs qənaətli və qapalı təsərrüfat dövriyyəli dayanıqlı “yaşıl” iqtisadiyyata keçidi sürətləndirmək üzv dövlətlər qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Konfransda istər iqlim dəyikliyinə, istərsə də ətraf mühitin çirklənməsinə təsir edən tullantıların yaratdığı mənfi təsirlərin qarşısının alınması əsas müzakirə mövzularından biri idi.
ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayevin redaksiyamıza təqdim etdiyi materialda da bu barədə ətraflı bəhs edilir:
– Tarix boyu insanların fəaliyyət dairəsinin genişlənməsi və iş intensivliyinin yüksəlməsi, nəhayət, biosferanın yeni keyfiyyət halına düşməsi ilə nəticələnib. Başqa sözlə, bəşəriyyət tarixini iqtisadi inkişaf və ardıcıl qaydada biosferanın – ekosistemin dağıdılması tarixi kimi qiymətləndirmək olar. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, əgər XX əsrin əvvəllərində ümumdünya məhsulunun illik həcmi, təxminən, 60 milyard ABŞ dolları həcmində idisə, 2023 ildə dünya iqtisadiyyatı bu qədər məhsulu 2,2 saatdan daha az vaxtda istehsal edib. Belə ki, 2023-cü ildə ümumdünya məhsulunun həcmi 105 trilyon dollara çatıb, yəni 120 ildə dünya təsərrüfat sistemi 4 min dəfə artıb.
Burada əsas məsələ odur ki, sözügedən dövrdə dünyada yanacaq-istilik balansının strukturu kəskin şəkildə dəyişib: əgər həmin vaxt istilik-enerji mənbəyi kimi əsasən odun və kömür istifadə edilirdisə, hazırda bu məqsədlə neft-qaz (70 faiz), atom (9,2 faiz), su və alternativ-bərpaolunan (15 faiz) və digər enerji mənbələri hesabına enerji istehlakı 14 dəfə artıb. Son onilliklərdə ilk dəfə olaraq dünya energetikasının artım tempinin əhali artımını üstələməsi faktı qeydə alınıb. Nəticə etibarilə sivilizasiyanın inkişaf tempi və istilik mənbəyi kimi karbohidrogenlərdən istifadə tempinin artımı Yerdə texnogen yaşayış mühitinin yaranmasına, təbii ehtiyatların tükənməsinə, ətraf mühitin insan sağlamlığı üçün təhlükəli həddə çirklənməsinə səbəb olub.
BMT-nin Ətraf Mühit Proqramı təşkilatının hesablamalarına görə, hazırda atmosfer havasının çirklənməsi və onun yaratdığı fəsadlar insan sağlamlığı və planetimiz üçün ciddi təhlükədir: dünya əhalisinin 90 faizdən çoxu yol verilən normadan artıq çirklənmiş hava ilə nəfəs alır və hər il bu səbəbdən 8 milyondan artıq insan ölür. Havanın çirklənməsi insanların sağlamlığı üçün təhlükə yaratmaqla bərabər, ətraf mühitə də ciddi ziyan vurur: okean və digər su hövzələrinin oksigen generasiyasının və karbon qazının udma qabiliyyətinin azalmasına səbəb olmaqla biomüxtəlifliyi azaldır, iqlim dəyişikliyini sürətləndirir.
Dünyanın bəzi lokal ərazilərində ətraf mühitin çirklənməsi o həddə çatıb ki, biosferin ozünü təmizləmə (bərpaetmə) xüsusiyyəti xeyli zəifləyib və ya tamamilə məhv edilib. Görkəmli alim V.İ. Vernadskinin qənaətinə görə, qlobal iqtisadiyyat mahiyyətcə tullantı istehsalı sistemidir. Belə ki, dünya üzrə istehsal prosesində yaranan tullantıların çəkisi bilavasitə alınan məhsulların ümumi çəkisindən xeyli çoxdur, əldə olunan məhsullar isə sonraya saxlanılan tullantılardır, yəni gec-tez onlar da istehlak xüsusiyyətlərini itirib tullantı halına düşəcək. Məsələn, dünyada dağ-mədən sahələri üzrə hər il adambaşına 60 ton (cəmi 500 milyard ton) mineral-xammal çıxarılır. Bu kütlənin 90-95 faizi bərk, maye və qaz halında tullantı kimi atılır ki, bunun da adambaşına düşən 0,1 tonu təhlükəlidir. Ümumiyyətlə, Dünya Bankının qiymətləndirməsinə görə, dünyada gün ərzində adambaşına əmələ gələn tullantıların miqdarı ölkələr üzrə geniş intervalda (0,11-4,5 kiloqram) dəyişir və orta hesabla 0,75 kiloqram həddində (ildə cəmi 2 trilyon ton) qeydə alınır.
Keçən əsrin 60-70-ci illərindən başlayaraq alimlər və dünya ictimaiyyəti birmənalı olaraq belə bir ideyanı qəbul etdilər ki, maddə və enerjinin qlobal zəncirvari dövrü səbəbindən dünya coğrafiyası vahid təbiət kompleksi halında təşəkkül tapıb. Buna görə də insanların fəaliyyəti nəticəsində yaranan ətraf mühit problemləri “qlobal ekoloji problemlər” termini ilə adlandırılmağa başlanıb. Yəni, bu problemlər, istisna olmadan bütün dünya ölkələrinə aiddir və həlli birgə əməkdaşlıq və səy tələb edir. Hazırda bu problemlər sırasına, əsasən, aşağıdakılar daxil edilir: Yer iqliminin dəyişməsi və ozon qatının dağılması, ətraf mühitin və hava hövzəsinin çirklənməsi, içməli su ehtiyatlarının tükənməsi və okean sularının çirklənməsi, bioloji müxtəlifliyin azalması, meşələrin qırılması və səhralaşma, tullantılar və s.
BMT-nin Təbiəti Mühafizə Komissiyasının “Bizim ümumi gələcəyimiz” adlı konseptual sənədinin tərkib hissəsi olan “Dayanıqlı inkişaf konsepsiyası”nda qeyd edilir ki, bəşəriyyətin gələcək inkişafı hazırda üzləşdiyimiz qlobal problemlərin bilavasitə həllindən asılı olacaq. Bu proqram sənədində tullantılar problemi də ekosistem üçün yaratdığı potensial təhlükəyə görə qlobal problemlər sırasına daxil edilib.
Avropa Birliyinin beynəlxalq standart kimi qəbul edilən “Tullantılar haqqında” direktivində tullantılara “sahibinin atdığı (tulladığı), atmaq istədiyi və ya atmalı olduğu istənilən maddə və obyekt” kimi tərif verilir. Tərkibindəki maddə və birləşmələrə, idarə edilməsi proseslərinin xüsusiyyətlərinə görə, tullantılar məişət, istehsalat, elektron, tibbi və kənd təsərrüfatı tullantıları və s. müxtəlif siniflərə təsnif edilir.
Tullantılar lazımi qaydada ilkin və təkrar emal (ümumi halda, utilizasiya) edilmədikdə insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə mənbəyinə çevrilir. Burada “lazımi qaydada utilizasiya edilmədikdə” ifadəsi altında əsasən tullantıların idarə edilməsi ilə bağlı aşağıda qeyd edilən utilizasiya üsulları nəzərdə tutulur. Belə ki, tullantılar adətən tullantı poliqonlarına atılır və açıq səma altında qalır. Bu halda tullantılar atmosfer havası, günəş şüaları, yağıntı, külək və s. kimi təbii təsirlər nəticəsində fiziki aşınır, tərkib hissələrindəki maddə və materiallar bu amillərin təsiri ilə və ya öz aralarında qarşılıqlı kimyəvi reaksiyaya girərək qaz, maye və bərk aqreqat halında olan ziyanlı birləşmələr yaranır.
Çürümə nəticəsində yaranan və xüsusilə istilikxana effekti yaradan metan, karbon qazı, azot oksidləri və s birləşmələrin yer səthindəki konsentrasiyasının artması atmosferin təbii istilik balansını (təbii istilikxana effektini) pozur, Yerin təbii hərarətini daha çox dərəcədə “tutub saxlamaqla” izafi istilikxana effekti, başqa sözlə, iqlim dəyişməsi və ya qlobal istiləşmə yaradır. Generasiya edilən zəhərli qazlar səmt küləyi vasitəsilə uzaq məsafələrə yayılaraq yaşayış məntəqələrinin ekoloji mühitini pisləşdirməklə əhalinin sağlamlığına ziyanlı təsir göstərir, onların müxtəlif xəstəliklərlə yoluxma ehtimalını artırır.